İsrailin Baş naziri Benyamin Netanyahu "Newsmax" kanalına verdiyi müsahibədə ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərə, eləcə də regional təhlükəsizlik məsələlərinə toxunub.
NOCOMMENT.az xəbər verir ki, o, Tramp ilə bir çox mövzuda həmfikir olduqlarını, lakin Türkiyəyə F-35 qırıcılarının tədarükü məsələsində fikir ayrılıqlarının olduğunu açıq şəkildə ifadə edib.
Netanyahu ABŞ-ın dünyadakı roluna dair fikirlərini bölüşərək bildirib ki, Amerika olmasaydı, nasizm və ya stalinizm qalib gələ bilərdi və bu, bəşəriyyəti yüz illərlə davam edəcək qaranlıq bir dövrə sürükləyə bilərdi. İranın təhdidlərinə xüsusi yer ayıran İsrail rəhbəri iddia edib ki, Tehranın kimyəvi silaha sahib olduğu dəqiqdir.
O, insanlıq üçün ən böyük təhlükəni radikal islamçı rejim ilə nüvə silahının ittifaqında görür. Netanyahu vurğulayıb ki, İranın bu cür silahlara sahib olması ölümcül bir təhlükə yaradır və İsrailin məqsədi bunu əngəlləmək olub; prosesin hələ tam başa çatmadığını və ekspertlərin rəyinin birmənalı olmadığını etiraf edib.
Sonda İranla hər hansı bir razılaşmaya etibar edilə bilməyəcəyini qeyd edən İsrail Baş naziri, razılaşmanın olub-olmayacağının belə bəlli olmadığını bildirib. O, prezident Tramp kimi özünün də İranın nüvə silahına sahib olmasına heç bir vəchlə imkan verməyəcəyinə dair verdiyi vədi yerinə yetirmək niyyətində olduğunu bəyan edib.
Əli Səfərli,
NOCOMMENT.az











