Putin: Ərdoğan sözünü tutan adamdır

Putin: Ərdoğan sözünü tutan adamdır

Türkiyədə qaz qovşağının yaradılması real layihədir.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə üçtərəfli danışıqlardan sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyədə çox tez bir zamanda qaz qovşağı qurula bilər: “Qaz xəttindəki son hadisələr Danimarka, İsveç və Almaniyaya məxsus iqtisadi zonada baş verdiyi üçün onlara nəzarət etmək bizə çətindir. Bu mənada Türkiyə ilə işləmək bizim üçün daha asandır. Əvvəla, Prezident Rəcəb Tayyib Ərdoğan sözünü tutan adamdır. Onunla razılıq əldə edə bilsək, layihəni reallaşdıra bilərik”.

Putin əlavə edib ki, qazın alıcısı həmişə var, çünki qaz dünyada ən çox tələb olunan məhsuldur. Rusiya liderinin sözlərinə görə, Türkiyə qaz qovşağının həyata keçirilməsindən sonra müqavilə bağlamaq istəyən kifayət qədər alıcı meydana çıxacaq.

“Bilirəm ki, çoxlu istehlakçı var və Rusiya qazını almaq istəyənlər də çoxdur. Görək bu qış, gələn qış necə olacaq. Amma əminəm ki, müqavilələr imzalanacaq. Sonda biz və Avropa ölkələri dünyanın digər regionlarını çatdırılma üçün tranzit ölkələr kimi istifadə edə bilərik. Amma şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq”, – deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Avropa İttifaqı (Aİ) ilə birbaşa işləyə bilmədiyi üçün Türkiyəni qaz qovşağı kimi seçib: “Niyə biz Türkiyəni qaz tədarükü üçün mümkün mərkəz kimi seçdik? Mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”.