Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın xarici siyasət kursu və regional infrastruktur layihələri ilə bağlı sərt mövqe nümayiş etdirib.
NOCOMMENT.az xəbər verir ki, Qaluzin İrəvanın bir tərəfdən Avropa İttifaqına inteqrasiya səylərini rəsmiləşdirməsi, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanmağa davam etməsini qəbuledilməz adlandırıb.
Diplomat regiondakı nəqliyyat marşrutlarına, xüsusən də "Tramp marşrutu" adlanan layihəyə toxunaraq bildirib ki, Rusiyanın bu prosesdə iştirakı layihənin uğuru üçün zəruridir:
"Birincisi, Azərbaycanla fasiləsiz əlaqəni təmin etmək üçün yolun Rusiya dəmir yolu standartlarına uyğun çəkilməsi tələb olunur. İkincisi, Ermənistan dəmir yolları "Rusiya Dəmir Yolları"nın törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin idarəçiliyindədir. Tranzit daşımaları Ermənistanın hələlik üzv qaldığı Aİİ-nin norma və qaydalarına uyğun həyata keçirilməlidir".
Qaluzin marşrutun keçəcəyi ərazinin təhlükəsizlik məsələsinə də xüsusi diqqət çəkib: "Nəhayət, "Tramp marşrutu" onilliklərdir ki, Rusiya sərhədçilərinin erməni həmkarları ilə birgə Türkiyə və İranla sərhədi qoruduğu zonadan keçir. Beləliklə, Rusiya və Aİİ-nin mövqeyi mütləq nəzərə alınmalıdır. Biz hesab edirik ki, Rusiyanın iştirakı bu layihəyə ancaq fayda verər".
Sara,
NOCOMMENT.az











