Moskvadan Xankəndiyə köçən və separatçıların dövlət naziri postuna yiyələnən erməni milyarder Ruben Vardanyanın Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibəsi yayılıb. Müsahibə o qədər genişdir ki, məşhur “Kommersant” qəzetinin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamıram.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ruben Vardanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür:
Birincisi, Qarabağın “statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər;
İkincisi, rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır;
Üçüncüsü, iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır…
Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib”, – deyə politoloq bildirib.
E.Şahinoğlu qeyd edib ki, Ruben Vardanyanın Xankəndiyə köçməsi Kremlin layihəsidir: “Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutyunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”.
Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”.
Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü istisna olunur. Bu ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar”.












