Rusiyadan Ermənistanla bağlı ilginc açıqlama

Rusiyadan Ermənistanla bağlı ilginc açıqlama

Ermənistandan Rusiyaya ixrac olunan bəzi kənd təsərrüfatı və qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin pərdəarxası məqamları açıqlanıb. Rusiya tərəfi bu qərarların Ermənistanın son dövrlərdə Qərbə yönəlik atdığı addımlarla və ya hər hansı geosiyasi gərginliklə əlaqəli olmadığını bəyan edib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert Ermənistandan gələn ərzaq məhsullarının məhdudlaşdırılmasının yalnız texniki və sanitar qayda pozuntuları ilə bağlı olduğunu bildirib.

"Rossiyskaya Qazeta"ya müsahibə verən qurum rəhbəri məsələnin siyasi müstəviyə çəkilməsinə belə münasibət bildirib:

“Mən indiyə qədər bu cür məhdudiyyətlərin siyasiləşdirilmədiyini deyən heç bir ölkə rəhbəri görməmişəm. Lakin indiki halda söhbət tamamilə fərqli məsələdən gedir. Bizim həmin müəssisələrlə çoxillik iş tariximiz, laboratoriya araşdırmalarımızın nəticələri, tədarük məlumatları və aşkar edilmiş konkret qanunsuzluq faktlarımız var”.

Sergey Dankvert qeyd edib ki, hazırda əsas problem Ermənistandakı istehsalçılarda effektiv keyfiyyətə nəzarət sisteminin olmamasından qaynaqlanır. Onun sözlərinə görə, məhsulların istehsalı ilə onların avtomobillərə yüklənərək yola salınması mərhələsi arasında daxili tənzimləmə və kooperasiya mexanizmi faktiki olaraq işləmir:

“Minlərlə dəstə göyərti bir yük maşınına yığılır, bundan sonra isə nəzarətedici orqanlar bu nəhəng həcmdə məhsulu yoxlamalı olur. Bunu fiziki olaraq tam həyata keçirmək qeyri-mümkündür”.

Rusiya rəsmisi vurğulayıb ki, ticarət dövriyyəsinin normal davam etməsi üçün İrəvan tərəfi ilk növbədə fitosanitar nəzarət standartlarını beynəlxalq tələblərə uyğunlaşdırmalıdır.

Sara,
NOCOMMENT.az