Türkiyənin qərarı AN MƏSƏLƏSİDİR – İranın raket hücumundan sonra…

Türkiyənin qərarı AN MƏSƏLƏSİDİR – İranın raket hücumundan sonra…

Yaxın Şərqdə alovlanan və artıq nəzarətdən çıxmaqda olan ABŞ-İsrail-İran müharibəsi regionun geosiyasi arxitekturasını kökündən sarsıdır. Bu qlobal qarşıdurmanın ən təhlükəli tərəfi isə münaqişə coğrafiyasının genişlənərək birbaşa Türkiyə sərhədlərinə və hava məkanına daxil olmasıdır.

30 mart 2026-cı il tarixində İrandan Türkiyə istiqamətinə atılan növbəti ballistik raketin NATO sistemləri tərəfindən zərərsizləşdirilməsi artıq “təsadüf” və ya “texniki xəta” ehtimallarını tamamilə sıradan çıxarır. Bu, müharibə başlayandan bəri qardaş ölkəyə yönələn sayca 4-cü raket hücumudur. Tehranın hər dəfə bu faktları inkar etməsi diplomatik etiketdən daha çox, məsuliyyətdən yayınma və hərbi-siyasi manipulyasiya xarakteri daşıyır. Ankaranın milli təhlükəsizlik doktrinası isə artıq ən sərt ssenarilərə keçid üçün zəmin hazırlayır.

Siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az-a açıqlamasında bildirib ki, İranın bu hərəkətləri birbaşa Türkiyəni müharibəyə cəlb etmək və ya onu strateji seçim etməyə məcbur qoymaq məqsədi daşıyır:

“Dördüncü raket artıq xəbərdarlıq deyil, birbaşa təhdiddir. İran bu addımları ilə Türkiyənin hava hücumundan müdafiə imkanlarını və NATO ilə koordinasiya sürətini test edir. Tehranın hərbi elitası yaxşı anlayır ki, Türkiyənin bu münaqişədəki neytral və ya balanslı mövqeyi İsrail və ABŞ-nin hərbi planlarını asanlaşdırır. Bu raketlərlə Türkiyəyə ‘sən bu müharibədən kənarda qala bilməzsən’ ismarıcı verilir. Tehran Ankaranın səbrini son həddə qədər sınayır”.

Heydər Oğuz

Onun sözlərinə görə, raketlərin NATO sistemləri tərəfindən vurulması məsələnin beynəlxalq hüquqi tərəfini daha da mürəkkəbləşdirir:

“İran raketlərini Türkiyəyə tərəf yönəltməklə faktiki olaraq NATO-nun cənub-şərq cinahını hədəf alır. Bu, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin (kollektiv müdafiə) işə düşməsi üçün kifayət edən bir əsasdır. Lakin Ankara hələ ki, böyük regional müharibənin tərəfi olmamaq üçün təmkinli davranır. Amma bu təmkin sonsuz deyil. Əgər raketlərdən biri Türkiyənin yaşayış məntəqəsinə düşərsə və ya mülki itki qeydə alınarsa, Türkiyə Silahlı Qüvvələri heç bir beynəlxalq təşkilatın rəyini gözləmədən ‘mənbədə məhv etmə’ əməliyyatına başlayacaq. Bu isə İran daxilindəki raket buraxılış məntəqələrinin dərhal vurulması deməkdir”.

O, qeyd edib ki, bu hücumların arxasında dayanan digər səbəb Türkiyənin regiondakı artan nüfuzunu zəiflətməkdir:

“Türkiyə hazırda həm Ukrayna, həm də Yaxın Şərq böhranında yeganə rasionallıq mərkəzidir. İran isə xaosu genişləndirməklə Türkiyəni daxili təhlükəsizlik qayğılarına qərq etmək istəyir. Təsadüfi deyil ki, raket hücumları ilə paralel olaraq regionda terror fəallığının da artması müşahidə olunur. Lakin Tehranın bu ‘raket diplomatiyası’ iflasa məhkumdur. Çünki bu təzyiqlər Türkiyəni zəiflətmək əvəzinə, onun milli müdafiə sənayesini daha da səfərbər edir və ordusunu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirir. Biz artıq diplomatik təkziblərin deyil, hərbi cavab tədbirlərinin müzakirə olunduğu bir mərhələdəyik”.

Tunar
NOCOMMENT.az