2000 nəfər əhalinin yaşadığı ərazidəki kənddaxili yollar acınacaqlı vəziyyətdədir.
NOCOMMENT.az xəbər verir ki, Salyanın ucqar yaşayış məntəqələrindən olan Pambıqkəndin sakinləri deyirlər ki, uzun illər ərzində yolda heç bir təmir işi aparılmayıb.
Uzunluğu təxminən 5 kilometr olan kəndin giriş yolunda asfalt örtüyü demək olar ki, tamamilə yararsız hala düşüb. Yağışlı günlərdə palçıq, isti vaxtlarda isə toz-torpaq sakinlərə narahatlıq verir.
Sakinlərin sözlərinə görə, yolların pis vəziyyətdə olması onların gündəlik rifahına da ciddi təsir göstərir. Kənddən rayon mərkəzinə və ya əksinə gedərkən taksilər məcburən yüksək qiymətə aparır.
Məsələ ilə bağlı Qaraçala qəsəbəsi üzrə icra nümayəndəsi Yaşar Nəzərov "Xəzər Xəbər"ə bildirdi ki, Pambıqkənd kəndinin giriş yolunun layihələşdirmə işləri artıq başa çatıb. Adı çəkilən yol dövlət proqramına salınıb, bütün layihə işləri də görülüb. Vəsait köçürülən kimi əsaslı təmir başlayacaq.
Kənddaxili yolların təmiri ilə əlaqədar isə Qaraçala qəsəbə bələdiyyəsinin sədri Şiraz Məmmədov bildirdi ki, bələdiyyə büdcəsinin daxili yollarının təmiri üçün lazımi vəsaiti yoxdur. Vəsait olarsa, bu məsələyə baxıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












