Noyabrın 21-də Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın bir neçə nəfərin ölümü, çox sayda sakinin isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib. Hadisə paytaxtdakı çoxmənzilli binaların təhlükəsizlik vəziyyətini yenidən gündəmə gətirib.
Bu gecə isə Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında həlak olanlar arasında iki azyaşlı da var. İlkin məlumata görə, partlayışa mənzildəki kombinin qəfil partlaması səbəb olub. Nəticədə eyni evdə yaşayan iki məktəbli və onların anası həyatını itirib. Yaxınlıqda yaşayan təxminən 65–70 yaşlarında bir kişi isə kömək üçün içəri daxil olarkən tüstüdən boğularaq ölüb. Onun arxasınca gələn həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu hadisələr Azərbaycanda yanğın təhlükəsizliyinin real vəziyyətini bir daha üzə çıxarır. Çünki problem təkcə fövqəladə hadisələrdə deyil, gündəlik həyatda, bloklarda və binaların içində gizlənmiş formada mövcuddur.
NOCOMMENT.az xəbər verir ki, Musavat.com-un əməkdaşı bir neçə köhnə binaya baş çəkib və mənzərənin düşündürücü olduğunu üzə çıxarıb. Bir çox bloklarda təhlükəsizlik qaydalarına ümumiyyətlə əməl olunmur, yanğın söndürmə şitləri yoxdur. Elektrik naqilləri açıqda qalır, qoruyucular yoxdur, kabellərin bir qismi yandıqdan sonra “ustalar” tərəfindən izolyasiya olunmadan bükülüb. Yanğın dolabları, yanğınsöndürən balonlar, hidrantlar və digər vacib avadanlıqlar ya sıradan çıxıb, ya da ümumiyyətlə quraşdırılmayıb.

Köhnə tikililərdə illərdir dəyişdirilməmiş elektrik naqilləri, qaz xətləri, havalandırma şaxtaları yanğının bir neçə dəqiqəyə yayılmasına səbəb olur. Yeni binalarda isə istismar qaydalarına əməl edilməməsi, formal şəkildə quraşdırılmış yanğın avadanlıqları və texniki xidmətin olmaması ağır nəticələr doğurur.
Bir çoxları yanğın riskinin yalnız köhnə tikililərdə olduğunu düşünür. Amma bu, yanlışdır. Təhlükə istər yeni, istər köhnə binalarda hər an yarana bilər. Sadəcə, köhnə binalarda kommunikasiya xətləri qocaldığı üçün risk daha yüksəkdir, yeni binalarda isə laqeydlik və nəzarətsizlik faciəni qaçılmaz edir.
Halbuki binalarda yanğın şitləri, xəbərdaredici sistemlər, yanğın dolabları, hidrantlar, siqnalizasiya vasitələri mütləq olmalıdır və bunlar saz vəziyyətdə saxlanmalıdır. Təəssüf ki, bir çox binalarda bu sistemlər ya kağız üzərində mövcuddur, ya da “gözə kül üfürmək” üçündür.












