Son dövrlər pensiya sistemində aparılan islahatlar və fərdi hesabların indeksləşdirilməsi cəmiyyətdə geniş maraq doğurub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə bildirib ki, fərdi hesabında 50 min manat pensiya kapitalı olan şəxsin vəsaiti indeksləşdirmə nəticəsində təxminən 2800 manat artacaq. Onun sözlərinə görə, bu artım pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, həm də hər il tətbiq edilən indeksasiya mexanizmi vasitəsilə yüksəlməsini təmin edir və məqsəd davamlı, proqnozlaşdırılan sosial təminat siyasəti formalaşdırmaqdır.
Mövzu ilə bağlı iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli NOCOMMENT.az -a açıqlamasında bildirib ki, fərdi hesabların indeksləşdirilməsi pensiya sistemində vətəndaşların maraqlarının qorunması baxımından mühüm addımdır.

Onun sözlərinə görə, indiyədək pensiya kapitalının əsas artım mənbəyi vətəndaşların ödədiyi sosial sığorta haqları olub, lakin inflyasiya şəraitində bu vəsaitin real dəyərinin qorunması üçün indeksasiya xüsusi əhəmiyyət daşıyır:
“Ekspert qeyd edib ki, 50 min manatlıq pensiya kapitalının 2800 manat artması təxminən 5–6 faiz civarında indeksasiya deməkdir və bu, mövcud iqtisadi şərait nəzərə alındıqda müsbət göstərici hesab oluna bilər”.
Onun fikrincə, bu mexanizm vətəndaşların uzun illər ərzində topladığı vəsaitin dəyərdən düşməsinin qarşısını qismən alır və gələcək pensiya təminatının daha stabil olmasına şərait yaradır:
“İndeksləşdirmə sistemi xüsusilə orta və yüksək pensiya kapitalına malik şəxslər üçün daha nəzərəçarpan nəticə verir. Aşağı gəlirli və az sosial sığorta stajı olan vətəndaşlar üçün isə bu artım nisbətən zəif hiss olunur. Buna görə də, pensiya sistemində paralel olaraq minimum pensiyaların artırılması və sosial dəstək mexanizmlərinin gücləndirilməsi də vacibdir”.
Ekspertin sözlərinə görə, dövlətin hədəfi təkcə bir dəfəlik artımlarla kifayətlənmək deyil, uzunmüddətli və dayanıqlı pensiya modelinin formalaşdırılmasıdır:
“Bu baxımdan indeksləşdirmə mexanizmi büdcə imkanları, inflyasiya səviyyəsi və iqtisadi artım tempinə uyğun şəkildə davamlı tətbiq edilməlidir. Əks halda, artımlar formal xarakter daşıya və real alıcılıq qabiliyyətini tam qoruya bilməz. Vətəndaşların gələcək pensiya təminatının gücləndirilməsi üçün onların rəsmi məşğulluğa cəlb olunması və sosial sığorta ödənişlərinin tam şəkildə həyata keçirilməsi əsas şərtlərdən biridir.
Qeyri-rəsmi çalışan şəxslərin pensiya kapitalı zəif formalaşdığı üçün indeksasiya imkanlarından da məhdud şəkildə yararlana bilirlər.
Açıqlanan rəqəmlər göstərir ki, dövlət pensiya sisteminin modernləşdirilməsinə və vətəndaşların sosial rifahının qorunmasına çalışır. Lakin bu prosesin daha səmərəli olması üçün şəffaflıq artırılmalı, vətəndaşlar öz fərdi hesabları barədə mütəmadi və dolğun məlumat ala bilməlidirlər”.
İqtisadçının sözlərinə görə, fərdi pensiya kapitalının indeksləşdirilməsi müsbət tendensiyadır və uzunmüddətli perspektivdə vətəndaşların sosial təminatının güclənməsinə xidmət edir:
“Bununla yanaşı, sistemin daha ədalətli və təsirli olması üçün minimum pensiyalar, məşğulluq siyasəti və sosial sığorta mexanizmləri paralel şəkildə təkmilləşdirilməlidir”.
Tunar
NOCOMMENT.az











