Bir neçə il əvvəl indi tarixin “zibil qutusu”nda fırlanan bəzi media məmurları ölkəmizdə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetin, 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnalın çıxdığını, 20-yə yaxın informasiya agentliyinin ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yaydığını lovğalanaraq gözə dürtürdülər.
Hər halda, ölkəmizdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığı 2009-cu ildə belə rəqəmlər təqdim olunurdu. O zaman hətta Mətbuat Şurasının sədri, indi “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov media sahəsində yeni təşkilatın yaradılmasına görə dövlət başçısına minnətdarlığını bildirmişdi. Həmin ilin büdcəsində mətbuata yardım üçün 1.3 milyon manat ayrılması nəzərdə tutulurdu və gözlənilirdi ki, həmin vəsaiti bu fond xərcləyəcək.
Sonradan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Əli Həsənov–Vüqar Səfərli–Əflatun Amaşov üçlüyünün simasında elə sürət götürdü ki, 6 ay ərzində gündəlik qəzetlərə maddi yardım 60 minə, digərlərinə 40 mindən tutmuş 9 minə qədər yüksəldildi. Yəni Əli Həsənovun xanımı Sona Vəliyevanın baş redaktoru olduğu “Kaspi” qəzetinin, Vüqar Səfərlinin himayəsində olan qəzetlərin hesabına ildə 120 min manat para yatırılırdı.
Düzdür, sonradan bu və başqa günahlarının bədəlini Vüqar Səfərli təkbaşına çəkməli oldu, qalanları cavabdehlikdən yaxalarını qaçırmağı bacardılar. Vüqar Səfərlinin özü getdiyi kimi, rəhbərlik etdiyi Fond da birdəfəlik getdi… Onun əvəzinə Medianın İnkişafı Agentliyi yaradıldı.
Amma maraqlıdır ki, maddi cəhətdən təmin olunan çap mediası inkişaf əvəzinə gündən-günə geri getməyə başladı. Çünki qəzetlərin çoxu həmin vəsaitləri nəşrlərin inkişafına yatırmaq, rəqibləri ilə sağlam rəqabət aparmaq əvəzinə eyni agentliyin xəbərlərini, eyni məqalələri çap etməyə üstünlük verərək deqradasiya yolunu tutdular. Bəziləri istisna olmaqla, qəzetlər bir-birinə elə bənzəyirdilər ki, yalnız adları ilə fərqlənirdilər.
Odur ki, indi Medianın İnkişafı Agentliyinin qəzetlərin həftədə bir nömrəsinin çapına maliyyə yardımı ayıracağı xəbərini eşidərkən “öz cəzandır çək, Balaş” deməkdən özünü saxlaya bilmirsən. Həmin müsabiqənin şərtlərinə əsasən, yekunda qalib elan edilmiş qəzet redaksiyaları ilə 6 ay müddətinə maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq. Bu məqsədlə onlara aylıq 5000 manat məbləğində vəsait ödəniləcək, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstəriləcək.
Açığı, çap mediası ilə bağlı yaranmış durum dahi Üzeyir Hacıbəylinin “Bir firənglə söhbətim” felyetonunu yada salır. Felyetonun qısa məğzi ondan ibarətdir ki, “bu altı milyon müsәlmanın içindә neçә qәzet çıxır” sualına “bircə dənə” və onun cəmi min-səkkiz yüz müştərisi cavabını alan firəng dərhal Bakını tərk edir.
“Bir neçә vaxtdan sonra firәngdәn bir kağız aldım ki, içindә bunu yazmışdı: “Altı milyon tayfanın içindә bir dәnә qәzet ola, vә o qәzetin dә min-sәkkiz yüz müştәrisi ola, o tayfadan heç bir yaxşı şey gözlәmәk olmaz, a molla!”. Bu sözlәr mәni çox yandırdı, tez götürüb cavabında yazdım ki, nә olsun, biz müsәlmanlar belәyik, amma siz firәnglәrin dә yediklәri hәmişә qurbağa ilә tısbağadır!…”, – deyə Üzeyir bəy vaxtilə sərt qələmi ilə yazırdı.
Həmin felyetonla əslində cəmiyyətimizi “qamçılayan”, çap mediasının önəminə diqqəti yönəldən Üzeyir bəy sağ olsaydı, görəsən indiki çap mediasından nə yazardı? Ona “əlvida” deyərdimi?
Bu gün qardaş Türkiyədə “Sözçü” qəzetinin gündüz saat 12-yə qədər bütün köşklərdə satılıb qurtardığını, bir qədər gecikən oxucuların qəzeti tapa bilmədiyini eşidəndə öz yerimizə utanıram.
Çünki çap mediası yubileydən-yubileyə sağlığına “tost” deyilən, tortu kəsilən quruluş deyil. Zərdabinin yaratdığı mətbuatın inkişafı naminə fədakarcasına çalışmaq və yeni, istedadlı jurnalistlər nəslini yetişdirmək deməkdir.
Xatirə SADİQ












