Kontakt Home-un Hökumət Ödəniş Portalında nə işi var?

Kontakt Home-un Hökumət Ödəniş Portalında nə işi var?

Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalı (HÖP) adlı saytda özəl şirkət olan “Kontakt Home” mağazalar şəbəkəsinin də adı yer alıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Azərbaycanda pərəkandə ticarət sektorunda çoxsaylı mağazalar şəbəkəsi fəaliyyət göstərir. Lakin çox maraqlıdır ki, Hökumət Ödəniş Portalında yalnız “Kontakt Home”a olan ödənişlər üçün imkan yaradılıb.

Hazırda Hökumət Ödəniş Portalının “Kredit” bölməsində 4 qurumun adı yer alıb. Onlardan 3-ü dövlət qurumu, 1-i isə “Kontakt Home”dur.

“Kontakt Home”un hansı səbəblərdən Hökumət Ödəniş Portalına daxil edildiyini öyrənmək üçün Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur. “ABC-TELECOM” MMC (VÖEN – 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.

Onu da bildirək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffman” adlı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində yeniavaz bu barədə yazı yayımladıqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffman” adlı məhsulların tanıtımında istifadə olunan “Almaniya brendi”, “Almaniya istehsalı” kimi ifadələr silinib.