Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə veriblər

Maqsud Mahmudovun məhkəməsində zərərçəkmişlər ifadə veriblər

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

NOCOMMENT xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən Leyla Yusifova bildirib ki, təcili olaraq pul lazım olduğu üçün təqsirləndirilən şəxsə məxsus lombarda qızıllarını girov qoyub: “Pulu qaytarıb qızıllarımı almaq istəyəndə dedilər ki, Maqsud onları götürüb ölkədən qaçıb. Lombardın qarşısında mənim kimi bir neçə zərərçəkmiş də var idi. Şikayətimdən təxminən 1 ay keçmədi ki Mədinə İsrafilova məni lombarda dəvət edərək qızıllarımı qaytardı. Maqsudla bağlı şikayətim yoxdur”.

Digər zərərçəkmiş Rəna Məmmədovanın sözlərinə görə, Lökbatan qəsəbəsində yerləşən lombarda 5 500 manat dəyərində qızıl girov qoyub: “Anamın vəziyyəti pis idi Gəncəyə getdim. Faiz ödənişləri etməyə gedəndə lombardın bağlı olduğunu gördüm və hamı kimi mən də polisə şikayət etdim. Orada mən Maqsudu görməmişəm. Hamının qızılları qaytarılsa da, mənim qızıllarım hələ də qaytarılmayıb”.

Daha sonra məhkəmədə elan olunub ki, M.Mahmudovun iş ortağı Mədinə İsrafilova hal şahidi qismində məhkəməyə dəvət ediləcək.

Zərərçəkmiş Firəngiz Dadaşova bildirib ki, M.Mahmudovun lombardının bağlanmasını qardaşından eşidib. Onun sözlərinə görə, girov qoyduğu qızıllarını şikayətindən 10 gün sonra M.İsrafilovadan geri alıb.

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.