Bu gün Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlamasından 5 il ötür.
“NOCOMMENT” xatırladır ki, ölkəmizdə 2016-cı ildə keçirilmiş referendum, Konstitusiyaya olunan dəyişikliklər mühüm islahatlarının yeni, uğurlu mərhələsini nümayiş etdirdi. Zamanın tələbinə uyğun dəyişikliklərin tərkib hissəsi kimi Vitse-prezident institutunun təsis olunması dövlət idarəçiliyi sahəsində növbəti uğurlu dönəmin başlanğıcına çevrildi.
Bundan əvvəl – 2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.
Parlamentin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşən, daim onların qayğıları ilə maraqlanan, sosial problemlərinin həlli istiqamətində tədbirlər görən Mehriban Əliyeva seçicilərin dərin hörmət və rəğbətini qazanmaqla Milli Məclisdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Onun eyni zamanda Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində uğurla həyata keçirdiyi layihələr ölkəmizin inkişafına mühüm töhfə verib.
Mehriban Əliyeva hələ ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə irimiqyaslı, davamlı, uğurlu layihələrlə ölkəmizin milli mədəniyyətini dünyada layiqincə təbliğ edib. Eyni zamanda 2004-cü ilin mayından fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidenti kimi həm dövlətimiz və həm də dünya mədəniyyəti və incəsənəti üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr həyata keçirib. Həmin proqram və layihələrdən respublikamızla yanaşı, dost ölkələrin, milyonlarla insanın faydalanması xeyirxahlıq missiyasının miqyasını təcəssüm etdirir.












