Nura Suridən və Nigar Köçərlidən nazirliyə ağır ittihamlar

Nura Suridən və Nigar Köçərlidən nazirliyə ağır ittihamlar

Müğənni Nura Suri Mədəniyyət Nazirliyi ilə bağlı yenidən ağır ittihamlar səsləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

İfaçı bu dəfə nazirliyin başqa bir əməkdaşının əməllərini ifşa edib.

“Mədəniyyət Nazirliyində Nərmin adlı xanım mənə köhnə “Mədəniyyət evi” verməyi və onu təmir etdirməyimi dedi. Bu xanım müğənniləri bir-bir bölgələrdə atılmış “Mədəniyyət evləri”nə direktor təyin edirdi. Əlbəttə, dövlət hesabına nazirlik pul siləcəkdi, müğənnilər öz cibindən binanı təmir etdirəcəkdi və “Mədəniyyət evi”nin işçisisən deyə sənin təqdimatın veriləcəkdi, ad alacaqdın. Mənə də “Əməkdar artist” adı almaq üçün belə bir təklif verilmişdi. Əslində o dönəmlərdə ürəyimdən keçdi, amma valideynlərim yeyinti olacağı deyib icazə vermədilər. Mənim dəyişməməyimin səbəbi də ətrafımda məhz belə vicdanlı insanların olmasıdır. Rüşvət verib nəsə etmək həm dövləti, həm də xalqı aldatmaqdır”.

N.Suri qeyd edib ki, Nərmin xanımla bağlı hadisənin tək şahidi anasıdır:

“Hüquqi tərəfi fikirləşərək çox şeyi açıqlaya bilmirəm. Bir insan nəyisə deyirsə, ona şahid tapa bilmirsə, çətin olur. Mən bir şeyi yazmışamsa, yalan ola bilməz, amma sübutum yoxdur. Jurnalistlərə bu barədə müsahibə versəm, sabah qarşı tərəf “mənə şər, böhtan atır” deyə bilər. Mənzər xanımın “yaxşılığı” keçən, onunla dostluq edən, yeyib içən müğənnilər əlbəttə, onun tərəfində dayanacaqlar. Mən tək olaraq bu qədər insana qarşı nə edə bilərəm? Haqlı ikən haqsız duruma düşəcəm. Amma mənim durumuma düşən çox müğənnilər, hətta Xalq artistləri də var”.

Bundan əvvəl Nura Suri iddia edib ki, bəzi sənətçilər, hətta Xalq artistləri belə, tədbirlərə dəvət almaq üçün Mənzər adlı şəxsə hədiyyə və pul verir. Sənət yoldaşları da Surinin paylaşımına dəstək verərək bunu təsdiqləyiblər.

“Əli və Nino” kitab evinin direktoru Nigar Köçərli  Nura Suriyə dəstəyini ifadə edib.

O qeyd edib ki, Mədəniyyət Nazirliyində baş verənlərə etiraz etdiyinə görə Nura Suri ilə fəxr edir

“Baxmayaraq ki, incəsənət adamıdır və müəyyən məqamlarda onlardan çox asılıdır. Təəsüf ki, kitab sektorunda daha da dəhşətli şeylər baş verir və hamı bununla bağlı susur. Mədəniyyət Nazirliyi nəinki ortalığa normal bir iş qoya bilir. Əksinə, bütün var-gücüylə real iş görənlərə maneə yaradır. Kitab bazarında nəinki həmkarlıq yaradıblar, əksinə, yaratdıqları intriqalar nəticəsində naşirlər bir-birinə nifrət edir.

O, bildirib ki, Mədəniyyət Nazirliyinin manipulyasiya üçün bir neçə üslubları var:

“Məsələn, ildə bir neçə dəfə xaricə beynəlxalq səfərlər olur dövlət hesabına. Çox biabırçı şəkildə təşkil olunur.

London, Frankfurt, Bolonya, İstanbul və s. – yüz minlərlə pul səpələnir dəxlisiz deleqasiyalara, otellərə, uçuşlara, nəticədə isə ən mənasız, ən sönük stend bizimdir. Əsl biyabırçılıqdır”.