Vətəndaş Abbassoylu Müqabil Sadıq oğlu mülkiyyətində olan avtomobilin Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qaçırıldığını iddia edib.
NOCOMMENT xəbər verir ki, bu barədə M.Abbassoylu yeniavaz-a müraciət edib.
M.Abbassoylu bildirib ki, hadisə Suraxanı rayon Hövsan qəsəbəsində baş verib: “2 yanvar 2022-ci ildə saat 23 radələrində Suraxanı rayon Hövsan qəsəbəsi F.Bayramov küçəsində yataqxananın həyətində avtomobilimi saxlamışdım. Köməkçim Alıyev Elvar Azər oğlu avtomobildə oturub təmir işi aparırdı. Mən isə yaxınlıqdakı ərzaq dükanında idim. Həmin vaxt Yol Patrul Xidmətinin 99-YP-288 dövlət qeydiyyatı nişanlı avtomobili yaxınlaşıb Alıyev Elvarı maşından düşürdərək yerində protokol tərtib etmədən mülkiyyətimi qaçırıb”.
Vətəndaşın sözlərinə görə, o, məsələ ilə bağlı Suraxanı rayon DYPŞ-nə müraciət edib: “Orada bir neçə YPX əməkdaşının mənə qarşı aqressiv olduğunu gördüm. Bu zaman onlardan şikayət edəcəyimi bildirdim. Onlar isə cavabında mənə – “biz kimlərisə yedizdiririk”, – dedilər. Bu zaman məni şərləyərək tutacaqlarını açıq şəkildə ifadə etdilər”.
M.Abbasyolu bildirib ki, hadisə ilə əlaqədar Suraxanı Rayon Prokurorluğuna da müraciət edib. 3 fevral 2022-ci ildə Suraxanı rayon prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşunas Pərvin Bağırova tərəfindən çıxarılmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin bağlanması, rədd qərarı verilib.
Vətəndaş verilən qərardan razı olmadığını dilə gətirib.
İddialarla bağlı Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən bildirdilər ki, iddialar əsassızdır: “Qeyd olunan şəxs avtomobili sürücülük hüququ olmayan digər şəxsə idarə etməyə verib. Ona görə də qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib olunub. Hər iki vətəndaş barasində inzibati tənbeh tədbiri seçilib. Həmin şəxsin özü Dövlət Yol Polisi Şöbəsinə dəvət olunub və ona şikayətçi kimi qanunvericiliyin tələbləri izah olunub. Bütün proseslər tam qanun çərçivəsində yerinə yetirilib”.
M.Abbassoylu qeyd edib ki, hazırda avtomobili cərimə meydançasındadır. Suraxanı DYP əməkdaşları avtomobili ordan götürmək üçün ona akt vermirlər.












