Psixoloqdan şok xəbərdarlıq: “Bu cür qorxu oyunları real travmadır”
NOCOMMENT.az xəbər verir ki, 15 yaşlı yeniyetmə qızın “Phobia Games” (tərcümə: Qorxu oyunları) adlı qorxu evində fiziki zorakılığa məruz qalmasıyla bağlı yayılan görüntülərdən sonra Musavat.com-a həmin məkanla bağlı növbəti şikayət daxil olub. Belə ki, bir neçə valideyn övladlarının həmin “qorxu evi”ndə yaşadıqları anlarla bağlı narazılıqlarını bildirirlər.
Bildirilir ki, onların uşaqları da bu məkanda olduqları zaman dəhşətli səhnələrlə, şiddət xarakterli davranışlarla üzləşiblər. Valideynin iddiasına görə, həmin məkan — “Phobia Games”uşaqlar üçün əyləncə yeri yox, əsl “dəhşət otağına” çevrilib. Onun redaksiyamıza təqdim etdiyi görüntülərdə azyaşlıların saçından sürükləndiyi, itələndiyi, bəzilərinə isə açıq-aşkar fiziki təzyiq göstərildiyi görünür. Kadrlarda həmçinin uşaqların qorxu içində titrədiyi, bəzilərinin isə küncə sıxışdırıldığı anlar diqqət çəkir.
NOCOMMENT.az həmin videonu təqdim edir.
Valideyn bildirir ki, övladı və digər uşaqlar məkanı tərk edəndən sonra uzun müddət özlərinə gələ bilməyiblər, hətta “orada baş verənlərin təsirindən sarsıntı yaşadıqlarını” deyiblər. Uşaqların davranışında müşahidə edilən “kəskin qorxu”, “psixoloji gərginlik” və “həyəcanlı danışıq tərzi” yayılan görüntülərlə paralel şəkildə narahatlıq doğurur.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Musavat.com-a deyib ki, belə bir hadisə təkcə adi qorxu oyunu kimi qəbul edilmir, həm də ağır psixoloji sarsıntı da ola bilər:
“Bir yeniyetmənin beyni hələ inkişaf mərhələsində olduğu üçün bu cür qəfil zorakılıq, qaranlıq mühit və aqressiv nəzarət nəticəsində yaşananları oyun kimi deyil, real həyat təhlükəsi kimi qavrama ehtimalı çox yüksəkdir.

Burada əsas məqam odur ki, beyin “xaricə baxmır”, yalnız xaricdən gələn siqnalları qəbul edir. Yəni beynin reallığı dərk etməsi, onun xarici mühiti necə “gördüyündən” deyil, aldığı siqnalları necə şərh etməsindən asılıdır. Qarşısında qaranlıq, qışqırıq, təzyiq və qeyri-müəyyənlik varsa, beynin bunu real təhlükə kimi tanıması tamamilə təbiidir. Üstəlik, burada sadəcə qorxu yox, fiziki xəsarət ehtimalı da var. Bu iki amilin birlikdə olması travmanın daha dərin və uzunmüddətli iz buraxmasına səbəb olur. Belə hadisələrdən sonra yeniyetmələrdə kabuslar görmə, qorxu və gərginlik, qaranlıqdan və qapalı məkanlardan qaçma, özünə inamın azalması, ətrafdakılara qarşı etimadın sarsılması kimi əlamətlər ortaya çıxır. Bəzən yeniyetmələr yaşadıqlarını tam ifadə edə bilmədikləri üçün agressivləşə və ya tamamilə qapanıb susa bilərlər.
Bu reaksiyalar bəzən keçici ola bilər, lakin həftələrlə davam edirsə, artıq travma sonrası stress pozuntusu riski var və belə halda psixi-sağlamlıq mütəxəssisinin müdaxiləsi mütləqdir. Bu cür hallar göstərir ki, azyaşlıların təhlükəsizliyi təsadüfə buraxıla bilməz — yaş məhdudiyyəti ciddi nəzərə alınmalı və uşaqlar nəzarətsiz şəkildə bu tip ekstremal təcrübələrə buraxılmamalıdır.
Əgər belə bir hadisə baş veribsə, obyekt dərhal həm tibbi, həm də psixoloji yardımın təşkilini təmin etməli və hüquqi məsuliyyətdən yayınmamalıdır. Unutmaq olmaz ki, bu tip travmaların fəsadları illərlə davam edə bilər. Bu səbəbdən həm valideynlər, həm cəmiyyət olaraq bu məsələyə ciddi yanaşmalı, uşaqların psixoloji sağlamlığını hər şeydən üstün tutmalıyıq. Əgər travma əlamətləri görünürsə, psixi-sağlamlıq mütəxəssisinə müraciət etmək təkcə uşağın bu gününü deyil, gələcək həyatını da qorumaq deməkdir”.
Qeyd edək ki, “Phobia Games” haqqında deyilənləri qəbul etməyib, öz sosial media hesablarında bunlar qeyd edilib: “Son günlər barəmizdə yayılan əsassız ittihamlara cavab olaraq ictimaiyyətə rəsmi şəkildə müraciət edirik. Biz Phobia Games olaraq artıq 3 ildir fəaliyyət göstəririk və bu müddət ərzində heç bir zorakılıq, təhlükə və ya fiziki müdaxilə ilə bağlı şikayət qeydə alınmayıb. Təhlükəsizlik və qonağa hörmət bizim əsas prioritetlərimizdir. Sosial şəbəkələrdə yayılan “itələmə”, “toxunma”, “fiziki müdaxilə” kimi iddialar tamamilə yanlışdır. Hadisə baş verən qıza heç bir əməkdaşımız toxunmayıb, itələməyib və fiziki müdaxilə etməyib. Bu iddialar əsassızdır və reallığı əks etdirmir.Hadisədə iştirak edən qonaqlar özlərini 18 yaşında kimi təqdim ediblər, şəxsiyyət vəsiqəsi göstəriblər və imzaladıqları razılıq blankında doğum tarixini (2007) özləri qeyd ediblər. Biz isə rəsmi şəkildə təqdim olunan məlumata uyğun olaraq qəbul etmişik”.












