Azərbaycanda işğaldan azad edilmiş ərazilərin sürətlə bərpası və "Böyük Qayıdış" proqramının uğurlu icrası kontekstində qanunvericilik bazasının sosial ədalət və humanizm prinsipləri əsasında təkmilləşdirilməsi prosesi davam edir.
"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan son fundamental dəyişiklik, doğma yurdlarına qayıdan vətəndaşların mülkiyyət hüquqlarının tam bərpası ilə yanaşı, onların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmasını hədəfləyir. Yeni qaydalara əsasən, azad olunmuş torpaqlara köçürülən, dövlət tərəfindən daimi yaşayış sahəsi ilə təmin edilən və ya özünə təklif olunan müasir mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu rəsmi olaraq ləğv ediləcek. Lakin dövlət vətəndaşların yeni məskunlaşma yerlərinə adaptasiya dövrünü yüngülləşdirmək məqsədilə unikal bir keçid dövrü müəyyən edib. Belə ki, statusun rəsmən ləğv olunmasına baxmayaraq, həmin şəxslər tam 3 il müddətində dövlətin bütün genişmiqyaslı sosial müdafiə tədbirləri və imtiyazlar paketi ilə əhatə olunmağa davam edəcəklər.
Bu dəyişiklik keçmiş məcburi köçkünlərin sosial rifahının qorunması baxımından müstəsna əhəmiyyətə malikdir. Hazırda bu kateqoriyadan olan vətəndaşlarımıza Nazirlər Kabinetinin müvafiq qaydaları çərçivəsində ailənin hər bir üzvünə görə aylıq 60 manat məbləğində rəsmi müavinət ödənilir. Eyni zamanda, övladlarının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alması zamanı təhsil haqları tamamilə dövlət bücedəsi hesabına qarşılanır və bir sıra dövlət rüsumları üzrə ciddi azaddolmalar tətbiq edilir. Yeni qanun layihəsi təsdiq edir ki, vətəndaşlarımız azad olunmuş ərazilərdə evlə təmin edildikdən sonra da 3 il ərzində həmin aylıq ödənişləri, təhsil və rüsum güzəştlərini tam həcmdə almaqda davam edəcəklər.
Üstəlik, əgər keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olarkən bu hüquqa sahibdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, dövlət onun bütün təhsil dövrünün xərclərini öz üzərinə götürür ki, bu da dövlətin öz vətəndaşına göstərdiyi davamlı və humanist qayğının ən bariz nümunəsidir. Son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir və onların doğma yurdlarına qayıtdıqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacağını təmin edir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, dövlət büdcəsindən keçmiş məcburi köçkünlərin sosial müdafiəsi və Böyük Qayıdış proqramına milyardlarla manat vəsaitin ayrıldığı bir dövrdə bu cür qanunvericilik dəyişiklikləri həm də regional iqtisadi canlanmayı sürətləndirəcək: "Son rəsmi məlumatlara görə, təkcə 2021-2025-ci illəri əhatə edən dövrdə keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə dövlət büdcəsindən 1 milyard 654 milyon manat vəsait xərclənib, cari ildə isə bu məqsədlə daha 280 milyon manat ayrılıb. Göründüyü kimi, rəsmi Bakı ərazilərin minalardan təmizlənməsinə və infrastruktur quruculuğuna milyardlar xərcləməklə yanaşı, vətəndaşın fərdi büdcəsini də birbaşa subsidiyalaşdırır. Status ləğv edildikdən sonra da sosial dəstəyin 3 il uzadılması, Qarabağ və Şərqi Zəngəzura köçən ailələrin ilkin məskunlaşma mərhələsində maddi çətinlik çəkməməsinə, daxili gəlirlərini tamamilə ailə təsərrüfatlarının qurulmasına və fərdi biznes fəaliyyətinə yönəltməsinə imkan yaradacaq".
Ekspertin sözlərinə görə, bu humanist addım həm də azad olunmuş ərazilərə köçürülmə prosesinin intensivliyini və vətəndaşların könüllülük marağını kəskin şəkildə artıracaq çox mühüm stimullaşdırıcı faktordur: "Bəzi vətəndaşlarda belə bir psixoloji narahatlıq var idi ki, köçən kimi aylıq müavinətlər kəsiləcək və ya övladlarının universitet güzəştləri əllərindən çıxacaq. Bu qanun layihəsi həmin narahatlıqları tamamilə sıfırlayır. Köçən şəxs bilir ki, o həm dövlətdən tam pulsuz, müasir və geniş mənzil alır, həm öz yurduna qayıdır, həm də dövlət 3 il boyunca onun aylıq nağd pul dəstəyini və təhsil sığortasını qüvvədə saxlayır. Bu yanaşma, dünyada analoqu olmayan bir post-münaqişə bərpa və məskunlaşma modelidir. Təsadüfi deyil ki, artıq 85 mindən çox vətəndaşımız azad torpaqlarda məskunlaşıb və bu rəqəmin yaxın dövrdə sürətlə artması planlaşdırılır. Dövlətin təqdim etdiyi bu sosial sığorta mexanizmi Qarabağda sosial-iqtisadi reinteqrasiyanın tam ağrısız və maksimum rifah içində tamamlanmasını təmin edəcək".
Tunar,
NOCOMMENT.az










