Sumqayıt şəhərində yol çökməsi qeydə alınıb
Sumqayıt şəhərində mart-aprel aylarında yağan intensiv yağışların yaratdığı problemlər hələ də davam edir.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində, restoranların qarşısında qeydə alınıb.
Sakinlərin sözlərinə görə, yolun bir hissəsi çöküb və ərazidə hərəkət çətinləşib. İlkin ehtimallara əsasən, çökməyə səbəb kanalizasiya sistemində yaranmış problem olub. Yağış sularının kanalizasiya xətlərinə ciddi yük yaratdığı, nəticədə torpaq qatının boşaldığı bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumların əraziyə baxış keçirdiyi və problemin aradan qaldırılması üçün tədbirlərin görüləcəyi gözlənilir. /Sumqayit24.az/












