Vətən müharibəsi iştirakçısı məmuru döydü

Vətən müharibəsi iştirakçısı məmuru döydü

Gəncədə Vətən müharibəsi iştirakçısı Qiyas Hüseynov Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşına xəsarət yetirib.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a Gəncə İH-dən verilən açıqlamada bildirilib ki, o, əlillik dərəcəsinin təyin olunmaması ilə bağlı bu gün Gəncə İH başçısı Aparatına müraciət edib:

“Aparatın qəbul otağına gələrək təkidlə ona əlilliyinin təyin edilməsinə köməklik göstərilməsini tələb edib. Qiyas Sahib oğlu Hüseynova istəyi ilə bağlı ətraflı izahat verilməsinə baxmayaraq, o, özünün və İH-nin əməkdaşlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib. İctimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib”.

Bildirilib ki, Q.Hüseynov Gəncə İH başçısı Aparatının əməkdaşlarının və polis işçilərinin yanında Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, eyni zamanda Vətən müharibəsi iştirakçısı olan Ayxan Cavanşir oğlu Babayevin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldıb: “Başı ilə onun üz nahiyəsinə zərbə vuraraq, dövlət məmuruna xəsarət yetirib. Məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə İH tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı Ayxan Babayev “N” saylı hərbi hissənin manqa komandiri kimi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azadlığı uğrunda vuruşub. O, Prezidentin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.