İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilib.
NOCOMMENT-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Səyalı Səfərova bildirib ki, 2019-2021-ci illərdə “NTC Company” şirkətində rəsmi olaraq işləyib.
O deyib ki, şirkətin rəhbəri Vüqar Məhərrəmov idi: “Vilyam Hacıyevi 2011-ci ildən tanıyıram. 2019-cu ilə qədər onunla aramızda pulla bağlı heç bir problem olmayıb. İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün bizim şirkətin layihəsi bəyənildi. Yalnız bundan sonra aramızda narazılıqlar yarandı. Çünki pullar gecikdirilirdi. Layihəyə görə 4 milyon manat vəsait bank hesabımıza köçürülmüşdü”.
Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, tikinti şirkətinin direktorunun məhkəmədə ifadə verməsini tələb edib. Vəsatət baxılmamış saxlanılıb.
V.Hacıyev də şirkət rəhbərinin məhkəməyə gəlməsini və onunla üzləşməsini istəyib.
Proses fevralın 25-də davam etdiriləcək.












