Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) fəaliyyətində yaranan ciddi nöqsanlar, idarəetmədəki boşluqlar və kəskin kommunikasiya əngəlləri sahibkarların, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, qurumun məsuliyyət daşıdığı sahələrdə hökm sürən yarıtmaz vəziyyət təkcə xidmət sektorunu deyil, birbaşa ictimai sağlamlığı da təhlükə altına alır.
Zirzəmilərdə fəaliyyət göstərən "saxta həkimlər" və nəzarətsizlik
Son dövrlərdə internet resurslarında və sosial şəbəkələrdə yayılan videogörüntülər səhiyyə nəzarətinin necə bərbad durumda olduğunu açıq şəkildə nümayiş etdirir. Belə ki, antisanitar şəraitdə — zirzəmilərdə anesteziyasız tibbi müdaxilələr həyata keçirən, heç bir tibbi təhsili olmadan özünü dırnaqarası "həkim" adlandıran şəxslərin qanunsuz əməlləri cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bu tip qanunsuz halların qarşısını almaq, vətəndaşların sağlamlığı və həyatı ilə oynayan saxtakarlarla mübarizə aparmaq birbaşa Analitik Ekspertiza Mərkəzinin birbaşa vəzifəsidir. Lakin təəssüf ki, qurumun bu istiqamətdəki nəzarət mexanizmləri demək olar ki, işləmir.
İdxal və qeydiyyat şöbəsində kütləvi süründürməçilik
Mərkəzin tibbi vasitələrin qeydiyyatı və idxalı şöbəsində də vəziyyət ürəkaçan deyil. Qurum daxilindəki bürokratik əngəllər səbəbindən bütün şirkətlər arasında ciddi narazılıq hökm sürür. Sahə üzrə məsul şəxslərin, o cümlədən sədr müavini Rafiq Xudaverdiyevin nəzarət etdiyi bu istiqamətdə işlərin gedişatı tamamilə dondurulub.
Sahibkarlar qanuni sənədlərini almaq üçün aylarla qapı-qapı düşməli, dəfələrlə zəng etməli olurlar. İdarənin daxili nömrələrinə heç bir cavab verilməməsi isə vəziyyəti daha da dözülməz edir. Zənglərə cavabdeh şəxslərin "işçi yoxdur" bəhanəsi ilə prosesi həftələrlə, aylarla uzatması sahibkarları çıxılmaz vəziyyətə salır.
"İstisna" şəxslər, qapalı qapılar və "qara siyahı" təhdidi
Mövcud idarəetmə sistemində yalnız müəyyən tanışları və ya şəxsi əlaqələri olan şəxslər öz işlərini sürətli şəkildə həll edə bilirlər. Digər sahibkarlar ise günlərlə zəng vurub cavab tapa bilmir, quruma gedərək səy göstərsələr də, nəticə əldə edə bilmirlər. Hətta haqsızlıqla üzləşən və hüquqlarını tələb edən şəxslərin bəzi hallarda "qara siyahı"ya salınmaqla hədələndiyi bildirilir.
Digər dövlət qurumlarında vətəndaşların müraciətləri üçün müəyyən imkanlar açıldığı halda, bu idarə konkret olaraq zənglərə cavab vermir, heç bir müraciəti cavabsız qoyur. Nəticədə sahibkarlar hüquqi müstəvidə mübarizə aparmaq məcburiyyətində qalır və ya bürokratik divarlarla qarşılaşaraq ortada qalırlar.
Ümumi fəaliyyətsizlik: Kosmetologiya və digər sahələr nəzarətdən kənardır
Ümumilikdə, Analitik Ekspertiza Mərkəzinin müvafiq şöbəsi kateqorik olaraq işləmir. Tibbi vasitələrin idxalı, kosmetoloqlara və həkimlərə nəzarət mexanizmləri tamamilə sıradan çıxıb. Kosmetoloqların fəaliyyətinə nəzarət edilmir, səhiyyə şöbələri isə funksiyalarını yerinə yetirmir.
Sahibkarlar və vətəndaşlar bu dərin bürokratik səddin aradan qaldırılması, idarədəki süründürməçilik hallarının araşdırılması və məsələyə ciddi dövlət nəzarətinin tətbiq olunması üçün təcili addımların atılmasını gözləyirlər.
Tunar,











