Ötən gün Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfərin həyatını itirməsi bir daha göstərdi ki, şəhər yaşayış məkanlarında yanğın təhlükəsizliyi hələ də ciddi problemlərlə üz-üzədir və mövcud boşluqlar ağır insan itkilərinə səbəb ola bilir. Binalarda təhlükəsizliyin təmin edilməsi sadəcə texniki prosedur deyil, birbaşa insan həyatının qorunmasına yönəlmiş fundamental öhdəlikdir.
Jurnalist Heydər Mirzə mətbuata açıqlamasında bildirib ki, 3 nəfərin həyatını itirdiyi binanın sakini kimi o, hadisə zamanı 12-ci mərtəbədən 5-ci mərtəbəyə qədər düşə bilib, sonra tüstüdən yuxarı qalxmaq məcburiyyətində qalıb. O qeyd edib ki, binada fəaliyyət göstərən “Loft” restoranı 2 il öncə qaraj sahəsini mənimsəyərək açılıb və bir ay öncə hibrid maşınların elektrik doldurma stansiyasını zirzəmiyə yerləşdirib. Sakinin sözlərinə görə, yanğın təhlükəsindən əlavə, hər gün səs-küy və musiqi səsi yaşayış üçün ciddi narahatlıq yaradır.
Bu kontekstdə ortaya çıxan sual budur: Yeni tikilən binalarda birinci mərtəbələrin və zirzəmilərin obyekt kimi istifadəsi qanuni sayılırmı? Həmin obyektlərin fəaliyyətində hansı təhlükəsizlik və hüquqi tələblərə fikir vermək lazımdır? Yanğın və digər risklərin qarşısını almaq üçün hüquqi nüanslar nələrdir?
Hüquqşünas Aytən Məmmədovanın NOCOMMENT.az-a verdiyi məlumata görə, yeni tikilən binalarda birinci mərtəbələrin və zirzəmilərin obyekt kimi istifadəsi ciddi hüquqi tənzimləmələrə tabedir.
Onun sözlərinə görə, hər hansı bir mənzil binasının birinci mərtəbəsi və ya zirzəmisi kommersiya və ya ictimai obyekt kimi istifadə olunmadan öncə müvafiq dövlət orqanlarından icazə və lisenziya alınmalıdır:
“Bu icazələr yanğın təhlükəsizliyi, sanitariya normaları, elektrik və qaz avadanlıqlarının standartlara uyğunluğu kimi bütün mühüm aspektləri əhatə etməlidir”.
Aytən Məmmədova bildirib ki, birinci mərtəbələrdə restoran, mağaza, ofis və ya digər ictimai obyektlərin fəaliyyət göstərməsi zamanı binanın digər sakinlərinin təhlükəsizliyi prioritet olmalıdır:
“Bu mərtəbələrdə yanğın detektorları, avtomatik sprinkler sistemi, tüstü çıxışları, yanğın dolabları və təxliyyə yollarının mövcudluğu mütləqdir. Bu tələblərin pozulması, məsələn, restoran və ya digər obyektin zirzəmidə generator quraşdırması, binada yanğın riskini ciddi artırır və hüquqi məsuliyyətə səbəb olur”.
Hüquqşünasın sözlərinə görə, yanğın hadisəsi baş verdiyi halda, həm obyekt sahibi, həm də binanın idarəedicisi cinayət və inzibati məsuliyyətə cəlb oluna bilər:
“Bu, sadəcə maliyyə sanksiyası deyil; ölüm və ya xəsarət halında məsuliyyət cinayət məsuliyyəti səviyyəsinə qədər çata bilər.
Binada yaşayan sakinlərin hüquqlarının qorunması üçün icra orqanları və yanğın təhlükəsizliyi xidmətləri bu obyektlərin fəaliyyətinə nəzarət etməli, normativ pozuntular aşkar olunduqda ciddi tədbirlər görməlidirlər”.
Aytən Məmmədova həmçinin vurğulayır ki, sakinlərin məlumatlandırılması da hüquqi baxımdan önəmlidir:
“Binalarda fəaliyyət göstərən obyektlərin icazələrinin, təhlükəsizlik sertifikatlarının və risk faktorlarının açıq şəkildə elan edilməsi, hər bir sakin üçün hüquqi öhdəlik və xəbərdarlıq rolunu oynayır”.
Hüquqşünasın qənaətinə görə, hüquqi boşluqlar və normativ tələblərin yetərincə tətbiq olunmaması, Yasamalda baş vermiş faciə kimi halların təkrarlanma riskini artırır.
Təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyev isə NOCOMMENT.az-a açıqlamasında qeyd edir ki, bir çox binalarda yanğın dolablarının içinin boş qalması, portativ yanğınsöndürən balonların vaxtında servis olunmaması və tüstünü yönləndirmək üçün nəzərdə tutulan ventilyasiya sistemlərinin işə düşməməsi kimi hallara tez-tez rast gəlinir.

Onun fikrincə, yüksək mərtəbəli binalarda avtomatik sprinkler sistemlərinin quraşdırılması artıq seçim yox, məcburi normadır.
Elektrik təsərrüfatı üzrə ekspert Kənan Əlirzayev də NOCOMMENT.az-a verdiyi məlumatda vurğulayır ki, keyfiyyətsiz naqillərdən istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, standartlara uyğun olmayan quraşdırmalar və köhnə avadanlıqlar yanğınların əsas səbəblərindən biridir.
Onun sözlərinə görə, elektrik təhlükəsizliyi ilə bağlı nəzarət mexanizmləri gücləndirilmədiyi halda yanğın riskləri daim yüksək olaraq qalacaq.
Kənan Əlirzayev həmçinin saytımıza verdiyi məlumatda vurğulayır ki, təhlükəsizlik sistemlərinin sıradan çıxması və ya keyfiyyətsiz şəkildə quraşdırılması yanğınların qarşısını almamaqla yanaşı, həm də yanğın zamanı tüstünün yayılmasını sürətləndirərək ölüm hallarını artırır.












