Bəzən həyatın bizə təqdim etdiyi ssenarilər ən qəddar dram əsərlərindən belə daha acımasız olur. Bir ömrü başqalarının nəfəs almasına, yaşamasına həsr etmək hər kəsin çiyinlərinə götürə biləcəyi bir yük deyil. Həkim olmaq sadəcə ağ xalat geyinmək deyil; o xalatın altındakı ürəyi minlərlə insanın dərdi ilə döyündürmək, başqasının ağrısını öz canında hiss etmək deməkdir.
Milli Onkologiya Mərkəzində baş verən o müdhiş hadisədən sonra günlərlə həyat mücadiləsi verən uşaq radioloqu Asif Nəsirlinin ötən gün həyata gözlərini yumması məhz belə bir fədakar həyatın simvolik və kədərli sonluğudur. Onun ölümü sadəcə bir insanın, bir mütəxəssisin gedişi deyil; bu, minlərlə çarəsiz uşağın, ümidləri həkimin gözlərində axtaran valideynlərin göyə ucalan səssiz fəryadıdır. Azərbaycanda uşaq onkologiyası sahəsində çalışmaq polad kimi iradə və sonsuz bir şəfqət tələb edir. Radiologiya, xüsusən də uşaq radiologiyası ən ağır, ən stresli sahələrdən biridir. Balaca uşaqların xərçənglə mübarizə apardığı o dəhlizlərdə saatlarla radiasiya altında qalmaq, hər kəsin qaçdığı o ağır enerjini öz üzərinə götürmək hər həkimin cəsarəti deyil. Bir çox mütəxəssisin "bir ay qalsam dəli olaram" dediyi o ağır şəraitdə Asif həkim tam 18 il xidmət etdi. O, sadəcə diaqnoz qoymurdu, o, sönməkdə olan həyat çıraqlarını yenidən yandırırdı.
Onun saçları yaşından əvvəl niyə ağarmışdı? Çünki hər gün o balaca balaların acısını çiyinlərində daşıyırdı. "Mənim saçım artıq bu yaşda ağarıb" deyən bir insanın içindəki yanğını təsəvvür etmək belə çətindir. O, öz ömrünü şam kimi əridərək o qaranlıq palatalara işıq saçırdı. Həyatın ən acı ironiyası budur ki, Asif həkim məhz həyatını xilas etdiyi, əlindən tutub qaranlıqdan çıxardığı bir adamın xəyanətinə tuş gəldi. Bir insan necə olar ki, ona yenidən yaşamaq şansı verən əli kəsməyə cəhd edər?
Həmin şəxs ağır xəstəlikdən əziyyət çəkərkən Asif həkimin sayəsində şəfa tapmışdı. Hətta deyilir ki, həkim onun ehtiyacını görüb cibindən yol pulunu da veribmiş. Lakin sağalan bədənin içində sağalmayan bir ruh varmış. O qaranlıq ruh qayıdıb öz xilaskarını hədəf aldı. Hadisə baş verən an bütün xəstəxana səfərbər oldu, saniyələr içində əməliyyat başladı, həmkarları evlərinə getməyib günlərlə onun üçün dua etdilər. Amma beyin sapına ilişən o məlum qəlpə sanki fələyin qəddar bir zarafatı kimi bütün müdaxilələri imkansız qıldı. Hadisə baş verən andan bəzi insanların reallığı bilmədən sosial şəbəkələrdə yazdıqları haqsız ittihamlar isə o yaralı ruhu bir daha vurdu. Heç kim soruşmadı ki, bir həkim 18 il boyu hər gün radiasiya udaraq hansı psixoloji yükü daşıyıb?
Heç kim anlamadı ki, sağalmaz deyilən minlərlə insan məhz onun bilik və bacarığı sayəsində bu gün ailəsinin yanındadır. Bir həkimin ölümünü mühakimə etmək, əslində cəmiyyətin öz gələcəyini balta ilə kəsməsidir. Asif həkim kimi nadir mütəxəssislərin yetişməsi onilliklər aparır. Onun itkisi ilə Azərbaycan səhiyyəsində doldurulması mümkün olmayan böyük bir boşluq yarandı. Bu faciənin ən ağrılı tərəflərindən biri də odur ki, Asif həkimin xanımı da elə həmin mərkəzdə onunla çiyin-çiyinə çalışırdı. İndi həmkarları onun üzünə baxa bilmirlər.
Bir ailənin hər iki üzvünün gecəsini-gündüzünü xəstələrə həsr etməsi və sonunda belə bir sonluqla qarşılaşması ədalətin harada olduğu sualını doğurur. Şəfa verən əllərə qumbara ilə hücum edilən bir cəmiyyətdə sabah övladlarımızı kimin yanına aparacağıq? Asif həkimin ölümü təkcə bir ailənin faciəsi deyil, bu, mənəviyyatımızın və insanlığın sarsılmasıdır. Asif həkim bu dünyadan vaxtsız köçdü, amma onun sağaltdığı minlərlə uşağın gülüşü hər zaman onun adını yaşadacaq.
O, bir qəhrəman kimi getdi; öz iş yerində, xidmət başında, xilas etdiyi birinin vəfasızlığının qurbanı olaraq. İndi onun gedişi ilə neçə uşağın əməliyyatı, neçə xəstənin diaqnozu yetim qaldı. Bizə isə yalnız onun xatirəsini əziz tutmaq və şəfa paylayan əllərin nə qədər müqəddəs olduğunu bir daha anlamaq qalır. Rahat uyu, fədakar həkim. Sənin ağarmış saçların və şəfa verdiyin o kiçik ürəklər sənə ən böyük şahiddir. Sən bu ölkənin səhiyyə tarixinə qanla yox, şəfa ilə yazılan bir imza qoyub getdin. Nur içində yat, minlərlə insanın xilaskarı!
Əli Səfərli,
NOCOMMENT.az












