Anar Rzayevin "METRO" yalanı - Nə demək istəyir?

Anar Rzayevin "METRO" yalanı - Nə demək istəyir?

"Mən əsasən Bakı metrosundan istifadə edirəm" – bu cümlə sıradan bir Bakı sakininin dilindən çıxsaydı, buna yalnız gündəlik həyatın monoton və yorucu bir ritmi kimi baxmaq olardı. Lakin bu iddia birbaşa ölkənin yerüstü nəqliyyat siyasətinə cavabdeh olan qurumun – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin dilindən qopub gələndə, vəziyyət tragikomik bir xarakter alır. Rəsmi rəqəmlərin, bərbad nəqliyyat infrastrukturunun və hər gün avtobus dayanacaqlarında saatlarla vaxt itirən, metro vaqonlarında sıxlıqdan nəfəs ala bilməyən minlərlə insanın gözü qarşısında verilən bu bəyanat sadəcə qeyri-səmimilik deyil, həm də cəmiyyətin reallıq hissi ilə açıq şəkildə məzələnməkdir.

Mən əsasən Bakı metrosundan istifadə edirəm - AYNA sədri


Azərbaycanda idarəetmə sisteminin yazılmamış qanunlarından biri budur: ən kiçik bir idarənin şöbə müdiri belə özünə xidməti avtomobil, xüsusi sürücü və şüşələri qara plyonkalı lüks bir həyat tərzi təmin etməyi vəzifəsinin birinci şərti hesab edir. Belə bir feodal təfəkkürünün hakim olduğu idarəçi təbəqənin içindən çıxan bir agentlik rəhbərinin, hər gün "Nərimanov"dan "Sahil"ə metro ilə gedib-gəldiyini iddia etməsi hansı məntiqə sığır? Cənab Rzayev, bəlkə də nə zamansa, hələ bu dövlət kreslolarının yumşaqlığını və imtiyazlarını dadmayanda metrodan istifadə etmisiniz. Amma bu gün, rəhbərlik etdiyiniz sahənin hər küncündən korrupsiya, rüşvət və bərbad idarəçilik qoxusu gəldiyi bir vaxtda, bu cür "xalq adamı" obrazı yaratmaq cəhdi iflasa məhkumdur. Siz və sizin timsalınızda olan məmurlar çox yaxşı bilirsiniz ki, idarə etdiyiniz və rəvac verdiyiniz sistem insanları canından bezdirib. Camaatın ictimai nəqliyyatda çəkdiyi əzabların, yollardakı qeyri-qanuni parklanma oyunlarının və lisenziya maxinasiyalarının arxasında hansı maraqların dayandığı hər kəsə bəllidir. Məhz bu səbəbdən, sizlər sadə xalqın içinə çıxmağa, onların gözlərinin içinə baxmağa cəsarət edə bilməzsiniz. Sizin "yeraltı səyahətiniz" yalnız xidməti avtomobilinizin pəncərəsindən görünən Bakı mənzərəsindən ibarətdir.

Metro saat 01:00'e kadar çalışacak | Modern.az


Bu gün Bakı küçələrində hər hansı bir azyaşlı uşaqdan belə soruşsanız, sizə məmurların sadə insanlara necə yuxarıdan aşağı, təkəbbürlə baxdığını təsvir edər. Siz heç vaxt sadə xalqın arasında olmamısınız və mövcud sistem daxilində olmayacaqsınız da. Çünki o kreslonun sizə verdiyi toxunulmazlıq hissi və xalqın cibindən bəhrələnən büdcə imkanları sizi kütlələrdən təcrid edib. Müsahibədə ailə üzvlərinizin 26, 202 və 3 nömrəli avtobuslardan istifadə etdiyini vurğulamağınız isə qeyri-səmimiliyin növbəti pik nöqtəsidir. Bakının ən problemli, intervalı bərbad, sərnişin sıxlığı pik həddə olan xətlərini sadalamaqla güya problemlərdən xəbərdar olduğunuzu nümayiş etdirmək istəyirsiniz. Amma unudurunuz ki, xəbərdar olmaq fərqli şeydir, o problemi şəxsən yaşamaq və ya həll etmək tamamilə fərqli. Avtobuslarda sıxlıq səviyyəsini 90%-dən 70%-ə endirmək kimi mücərrəd hədəflərdən danışırsınız. İnsanların ləyaqətini alçaldan, pik saatlarda vaqonlara və avtobuslara basabasla minməyə məcbur edən bu bərbad nəqliyyat sisteminin memarları faiz göstəricilərinin arxasında gizlənə bilməzlər.

Universitetlərdə “ömürlük kreslo”: prorektorların təyinat sistemi DƏYİŞMƏLİDİR | AzEdu.az


Azərbaycanın siyasi və inzibati tarixində çox belə mənzərələr görmüşük. Nə qədər ki o kresloda oturursunuz, xalqın şikayətləri sizin üçün sadəcə qulaqardına vurulacaq statistikadır. Elə ki vəzifədən getdiniz, elə ki törədilən cinayətlərin, yeyilən milyonların, dağıdılan yerüstü nəqliyyat sisteminin hesabı soruldu və cinayət işlərinin üstü açıldı, bax o zaman birdən-birə "sadə və səmimi vətəndaş" olacaqsınız. O zaman insanlardan dəstək dilənəcek, sistemin qurbanı olduğunuzu iddia edəcəksiniz. Amma bu gün – o isti və rahat idarə heyəti sədri kreslosunda oturduğunuz müddətcə – xalqı metrodan istifadə etdiyinizə inandırmağa çalışmaq sadəcə ayıbdır. İctimaiyyətə təqdim etdiyiniz bu yalanlar nə sizi xalqa yaxınlaşdırır, nə də rəhbərlik etdiyiniz AYNA-nın bərbad reputasiyasını xilas edir. Nəqliyyat sistemini iflic edənlərin yeraltı nəqliyyat nağıllarına bu şəhərdə artıq heç kim inanmır.

Əli Səfərli,

NOCOMMENT.az