Ermənistanda yeni konstitusiya ehtirasları: Paşinyan daxildə hansı ssenarilərə əl atacaq?

Ermənistanda yeni konstitusiya ehtirasları: Paşinyan daxildə hansı ssenarilərə əl atacaq?

Azərbaycanın sülh sazişinin imzalanması üçün əsas şərti olan Ermənistanın yeni konstitusiyası ölkə daxilində ciddi siyasi gərginliyə səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ermənistanın əsas qanunundan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını tələb etsə də, hökumətin parlamentdə konstitusiya layihəsini referendum a çıxarmaq üçün kifayət qədər deputat mandatı yoxdur. Sənədin səsverməyə çıxarılması üçün azı 6 müxalifət deputatının dəstəyi tələb olunsa da, müxalifət bu variantı qəti şəkildə istisna edir.

Hakim “Mülki müqavilə” partiyasının deputatı Hasmik Akopyan isə bəzi müxalifətçilərin “dövlətçi mövqedən” çıxış edərək layihəni dəstəkləyə biləcəyini istisna etməyib. Lakin bu baş verməzsə, hökumətin 2018-ci ildəki kimi ictimai təzyiq ssenarisinə əl ata biləcəyi ehtimal olunur.

Daşnak İshman Saqatelyan isə payızda Ermənistanı çətin proseslərin gözlədiyini bəyan edərək, Nikol Paşinyanın xalqı küçələrə çağırıb müxalifətə təzyiq göstərməyə çalışacağını bildirib. Buna qarşı olaraq müxalifət qüvvələri “Yox” cəbhəsi yaratmağa çağırış edib.

Ekspertlər qeyd edirlər ki, hakimiyyətin real addımlar atmaması onların sülhə sadiqliyi ilə bağlı şübhələr doğurur. Eyni zamanda, Paşinyanın parlamentin razılığı olmadan yeni layihəni birbaşa referenduma çıxarmaq cəhdi ölkədə dərin konstitusiya böhranına səbəb ola bilər.