Bakı çimərliklərinin fantastik QİYMƏTLƏRİ - Nəzarət yoxdur?

Bakı çimərliklərinin fantastik QİYMƏTLƏRİ - Nəzarət yoxdur?

Azərbaycanda rəsmi olaraq yay çimərlik mövsümünün açılması ile paralel olaraq, Bakı və Abşeron yarımadasının sahil zolağında yerləşən istirahət mərkəzlərində tətbiq edilən xidmət və giriş qiymətləri cəmiyyətdə kəskin narazılıq doğuran ən aktual mövzuya çevrilib. Ölkə vətəndaşlarının dəniz kənarında istirahət hüququ fərdi sahibkarların və lüks "beach club" menecerlərinin diktə etdiyi yüksək tariflərlə faktiki olaraq məhdudlaşdırılır.

Milli.Az-ın apardığı araşdırmalara görə, paytaxtın məşhur istirahət zonalarından olan "Amburan Beach Club"da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN təşkil edir. Nisbətən daha yüksək qiymət siyasəti yürüdən "White Beach Club"da giriş həftəiçi 35 AZN, həftəsonu isə 50 AZN-ə çatır. "Bilgah Beach Hotel" və "Dalga Beach Aquapark Resort" kimi komplekslərdə isə qiymətlər günün növünə və mövsümə görə həftəsonları 45-55 AZN diapazonunda dəyişir. Ən populyar və elit məkanlardan sayılan "Sea Breeze Beach"də isə çimərliyə sadəcə ayaq basmaq və ümumi istirahət zonasından yararlanmaq fərd başına 50 manatlıq vahid ödəniş tələb edir. Siyahıda ən sərfəli variant kimi göstərilən "Dream Beach" və "Mambo Beach Club"da belə rəqəmlərin həftəsonu 30 AZN-ə qədər yüksəlməsi orta statistik azərbaycanlı ailəsinin birgünlük dəniz istirahətini böyük maliyyə yükünə çevirir. Bu mənzərə haqlı suallar doğurur: sadəcə giriş üçün nəzərdə tutulan bu qədər yüksək məbləğ hansı iqtisadi və hüquqi mearlara əsaslanır, qiymətlərin bu dərəcədə baha olmasını gərəkdirən real səbəb nədir və ən əsası, vətəndaşların dəniz kənarına özləri ilə ərzaq aparmasına qoyulan radikal qadağalar hansı qanunvericilik prinsiplərinə ziddir?

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, Bakı və Abşeron çimərliklərində müşahidə olunan mövcud qiymət xaosu və vətəndaşların elementar hüquqlarının tapdalanması həm ölkə qanunvericiliyinin, həm də konstitusiya prinsiplərinin birbaşa pozulması deməkdir: "Azərbaycan Respublikasının Torpaq Məcləsinə və mövcud qanunvericiliyə əsasən, Xəzər dənizinin sahil zolağı — yəni suyun kənarından etibarən 20-50 metrlik ərazi dövlətin mülkiyyətindədir və ümumi istifadədə olan torpaqlar statusuna malikdir. Bu o deməkdir ki, heç bir fiziki və ya hüquqi şəxs dəniz sahilini tamamilə hasarlaya, vətəndaşın dənizə sərbəst gediş-gəlişini məhdudlaşdıra və oraya sadəcə daxil olmaq üçün giriş haqqı tələb edə biləməz. Özəl şirkətlər yalnız sahil xəttindən kənarda öz iqtisadi vəsaitləri hesabına qurduqları infrastruktur xidmətlərinə — hovuza, şezlonqa, restorana və ya dəsmala görə pul tələb edə bilərlər. Lakin bu gün şadlıq sarayı və otel sahibləri qanunsuz olaraq dənizin içərisinə qədər uzanan hasarlar çəkir və vətəndaş həmin xidmətlərdən istifadə etmək istəməsə belə, onu sadəcə sahildə gəzmək və dənizdə çimmək üçün bu 'əl yandıran' məbləğləri ödəməyə məcbur edir. Bu, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna kökündən zidd olan qanunsuz bir inhisarçılıq və məcburemə formasıdır".

Onun sözlərinə görə, çimərlik sahiblərinin vətəndaşlara qarşı tətbiq etdiyi digər bir qanunsuz qadağa — əraziyə evdən özünlə qida məhsulları və sərinləşdirici içkilər gətirməyin qəti qadağan olunmasıdır: "İstirahət mərkəzləri bu addımı daxili korporativ nizamnamə və ya sanitariya qaydaları ilə pərdələməyə çalışırlar. Lakin heç bir daxili qayda ölkənin qanunlarından üstün ola bilməz. Əgər bir vətəndaş öz vəsaiti ilə giriş pulunu ödəyibsə və ya ümumi istifadə sferasındadırsa, onun daxili məkanda hansı ərzağı istehlak edəcəyinə müdaxilə etmək azad bazar iqtisadiyyatına və insan hüquqlarına ziddir. Bu qadağanın arxasında duran yeganə səbəb, insanların daxildəki kafelərdə bazar qiymətindən 4-5 dəfə baha satılan yeməkləri almağa məcburi sövq edilməsidir. Qiymətlərin süni şəkildə bu dərəcədə şişirdilməsini tənzimləmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çimərliklərdə ciddi və rəsmi yoxlamalara başlamalıdır. Tarif Şurası dəniz kənarındakı ümumi giriş fəaliyyətləri üçün tavan qiymət müəyyənləşdirməli, hasarlanmış ərazilər dərhal sökülməli və vətəndaşlara pulsuz, sərbəst alternativ sahil zolaqları təmin edilməlidir. Qanunu pozan və vətəndaşı dənizə həsrət qoyan obyekt sahiblərinə qarşı ən sərt hüquqi və inzibati cəza tədbirləri tətbiq olunmadıqca, hər yay mövsümündə bu soyğunçuluq faktlarının şahidi olmaqda davam edəcəyik".