Bakıda dodaq uçuqladan kirayə qiymətləri - Səbəb nədir?

Bakıda dodaq uçuqladan kirayə qiymətləri - Səbəb nədir?

Yay mövsümünün başlaması ilə istirahət planları da aktuallaşır. Kimi ölkə xaricinə, kimi isə bölgələrə üz tutur. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlərin bir qismi isə bağ evlərinə üstünlük verir ki, bu da kirayə bazarında hərəkətliliyi artırır. Xüsusilə Bakı və Abşeron yarımadasında bağ evlərinə tələbatın artması qiymətlərdə də özünü göstərir. Bu il bağ evlərinin kirayə qiymətləri ötən illərlə müqayisədə daha yüksəkdir.

Qiymətlərə təsir edən əsas amillər dənizə yaxınlıq, hovuzun olması, torpaq sahəsinin ölçüsü, evin təmir vəziyyəti və infrastruktur imkanlarıdır. Bakıətrafı bəzi villaların aylıq kirayə haqqı 30 min manata qədər yüksəlir. Söhbət əsasən Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və Nardaran kimi prestijli qəsəbələrdən gedir. Nardaranda aylıq kirayə haqqı 4 500-20 000 manat, Bilgəhdə 2 500-17 000 manat, Pirşağıda 1 500-14 000 manat, Mərdəkanda 3 500-15 000 manata, Şüvəlanda isə 1 500-8 500 manata təklif olunur. Günlük villalar isə 150 manatdan başlayır, 500 manata qədər yüksəlir. Bəs bu mövsüm bağ kirayələmək niyə belə fantastik qiymətədir?

NOCOMMENT.az xəbər verir ki, yay mövsümünün qızğın çağı ilə əlaqədar Abşeron yarımadasında bağ evlərinin və villaların kirayə bazarında müşahidə olunan qiymət artımı fantastik həddə çatıb. Paytaxtın səs-küyündən uzaqlaşıb dəniz kənarında istirahət etmək istəyən orta təbəqə üçün Mərdəkan, Bilgəh və Nardaran kimi prestijli qəsəbələrdə bağ evi tapmaq artıq əlçatmaz xəyal olub. Aylıq kirayə qiymətlərinin bəzi ərazilərdə 30 min manata yüksəlməsi, günlük villaların isə mini-hotel qiymətlərini üstələməsi kirayə bazarında ciddi bir disbalansın və süni qiymət şişirdilməsinin olduğunu göstərir. Müasir infrastruktur, hovuz və lüks şərait bəhanəsi ilə təqdim olunan bu qiymətlər yerli tətilçiləri ölkə xaricinə üz tutmağa məcbur edir.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Amal Abuşov NOCOMMENT.az-a bildirib ki, bu il qeydə alınan qiymət sıçrayışı təkcə mövsümi tələbatla deyil, həm də bazar iştirakçılarının və maklerlərin süni manipulyasiyaları ilə birbaşa bağlıdır: "Abşeronda bağ evlərinin kirayə qiymətlərinin bu qədər şişməsinin birinci səbəbi, son illərdə daxili turizmə yaranan kütləvi tələbatdır. Nardaran, Bilgəh və Mərdəkanda aylıq kirayənin 15-20 min manat, bəzi lüks seqmentlərdə isə 30 min manat olması iqtisadi baxımdan heç bir məntiqə sığmır. Bu məbləğə vətəndaş Avropanın ən prestijli kurortlarında bir ay krallar kimi istirahət edə bilər. Günlük villaların 150-500 manat arasında dəyişməsi isə xüsusilə gənclərin və qısamüddətli tətil edənlərin cibinə böyük zərbədir. Ev sahibləri dənizə yaxınlığı, hovuzun (filtrli və ya filtrsiz) olmasını əsas gətirərək qiymətləri hər il 20-30% qaldırırlar. Bazarda digər böyük problem vasitəçilərin, yəni 'makler' şəbəkəsinin süni qiymət artımı yaratmasıdır. Onlar bir neçə bağı ucuz qiymətə götürüb, üzərinə fantastik məbləğlər qoyaraq günlük və ya aylıq şəkildə sub-kirayəyə verirlər ki, bu da ümumi bazarın qiymət indeksini tamamilə korlayır".

Ekspertin sözlərinə görə, bu cür nəzarətsiz qiymət siyasəti yaxın gələcəkdə bağ evləri bazarında durğunluğa səbəb ola bilər: "Vətəndaşlar artıq baha və keyfiyyətsiz xidmətdən yorulublar. 500 manata günlük bağ götürən ailə əksər hallarda orada elementar kommunal problemlərlə — suyun, işığın kəsilməsi və ya internetin zəif olması ilə qarşılaşır. Əmlak bazarında rəqəmsal şəffaflıq təmin olunmalı, kirayə müqavilələri rəsmiləşdirilməlidir ki, vergidən yayınan ev sahibləri qiymətləri belə asanlıqla manipulyasiya edə bilməsinlər. Əgər bu cür nəzarətsizlik davam edərsə, növbəti aylarda tələbat kəskin düşəcək və ev sahibləri mövsümün sonunda bağlarını boş saxlamamaq üçün qiymətlərdə məcburi enişə getməli olacaqlar. Tətilçilərə məsləhətimiz budur ki, bağ evlərini mövsümün pik vaxtında deyil, bir neçə ay əvvəldən rəsmi və yazılı müqavilələr əsasında bron etsinlər ki, belə 'qara' xəbərlərlə və fantastik qiymət tələləri ilə qarşılaşmasınlar".

Tunar,
NOCOMMENT.az