İyulun 6-sı axşam saatlarından iyulun 7-si səhər saat 06:00-dək Rusiya paytaxtı Moskva istiqamətində kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, həmin müddət ərzində Moskva regionu istiqamətində 430-dan çox PUA uçub. Hücumun qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində PUA-ların böyük əksəriyyəti hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən şəhərdən uzaq məsafələrdə zərərsizləşdirilib. Paytaxta yaxınlaşmağa cəhd edən daha 36 ədəd PUA isə HHM sistemləri tərəfindən vurularaq məhv edilib.
Yaranmış vəziyyətlə əlaqədar Moskva hava limanlarında (Domodedovo və Vnukovo) uçuşların qəbulu və yola salınmasında məhdudiyyətlər tətbiq olunub və hava limanları koordinasiyalı uçuş idarəetmə sisteminə keçib.
Qeyd edək ki, bu, son dövrlərdə Rusiya paytaxtına qarşı həyata keçirilən ən genişmiqyaslı dron hücumlarından biri kimi qiymətləndirilir.
Əli Səfərli,
NOCOMMENT.az











