Deputatdan Mirşahinin “hamam”, “diş yuma” və “tərbiyəsizlik” ittihamına cavab

Deputatdan Mirşahinin “hamam”, “diş yuma” və “tərbiyəsizlik” ittihamına cavab

Son günlər sosial şəbəkələrdə Mirşahin Ağayevin Real TV-də yayımlanan "Media masası" verilişində televiziya ilə bağlı səsləndirilən fikirlər müzakirə olunur.

Tanınmış jurnalist televizora baxmamağı "tərbiyəsizlik" adlandırıb:

"Televizora baxmıram" sözünü deyən adama bilirsiniz necə yanaşmaq lazımdır? Təsəvvürünüzə gətirin ki, oturmuşuq, kiminləsə söhbət edirik. Birdən qayıdıb deyir ki: "Bilirsiniz, yox, mən televizora baxmıram". Bu, tərbiyəsizlik kimi qəbul olunmalıdır, ədəbsizlik kimi qəbul olunmalıdır".

Onun bu fikirləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bu fikirlərlə razılaşmadığını bildirib:

"Mirşahin Ağayevin dediyi fikirlə razılaşmıram. Ümumiyyətlə, televizora baxmayan insanı tərbiyəsiz hesab etmirəm. Heç özüm də davamlı olaraq televizora baxa bilmirəm. Amma bu, onun şəxsi mövqeyidir və hər kəsin şəxsi mövqeyinə hörmətlə yanaşmaq lazımdır".

Deputat bildirib ki, əsas məsələ insanların fərqli baxışlarına hörmətlə yanaşılmasıdır:

"Məni daha çox narahat edən başqa məsələdir. Son illər cəmiyyətdə elə bir mühit formalaşıb ki, fərqli fikir səsləndirən kimi həmin adam linç edilir. Elə bil hamı eyni cür düşünməli, eyni cür danışmalıdır. Halbuki sağlam cəmiyyət müxtəlif baxışların olduğu cəmiyyətdir. Razılaşmaq da olar, razılaşmamaq da. Bunun ən normal cavabı əks arqument söyləməkdir, insanı hədəfə çevirmək yox. Əgər hər fərqli fikrə görə insanları qınasaq, təhqir etsək və ya susdurmağa çalışsaq, sabah heç kim səmimi danışmayacaq. Hamı yalnız alqış qazanacaq, tənqid olunmayacaq sözlər seçəcək. Bu isə cəmiyyəti daha yaradıcı və düşünən etmir, əksinə, onu şablonlaşdırır".

R.Nurullayevin sözlərinə görə, fikir plüralizmi demokratik cəmiyyətin əsas prinsiplərindən biridir:

"Üstəlik, kiminsə dediyi hər fikir qanun və ya dövlət qərarı deyil. Bir nəfər bir mövqe bildirir, başqası ona etiraz edir, üçüncüsü isə tam fərqli yanaşma ortaya qoyur. Demokratik müzakirə də elə bunun üzərində qurulur. Təəssüf ki, bizdə bəzən bəzi açıqlamalar fikir mübadiləsi üçün deyil, kimisə hədəfə gətirmək, sosial şəbəkələrdə kampaniya başlatmaq üçün istifadə olunur. Bu yanaşma sağlam ictimai müzakirəyə xidmət etmir. Ona görə də fikir plüralizmini qorumalıyıq. Razılaşmadığımız fikrə də dözümlə yanaşmağı bacarmalıyıq. Çünki fərqli düşüncələr cəmiyyəti zənginləşdirir, yeknəsəqlik isə nə inkişaf gətirir, nə də azad düşüncə".\\AZXEBER.COM