Haluk Levent istintaqında yeni detal - Şifrələri polisə vermədi

Haluk Levent istintaqında yeni detal - Şifrələri polisə vermədi

Müğənni və AHBAP Dərnəyinin sədri Haluk Levent barəsində aparılan istintaqda yeni detal ortaya çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Haluk Levent saxlanıldığı zaman üzərində olan 4 mobil telefonun şifrələrini polis əməkdaşlarına təqdim etməyib.

Məlumata əsasən, İstanbul Baş Prokurorluğu tərəfindən 2017-ci ildə yaradılan AHBAP Dərnəyi ilə bağlı "Dərnəklər haqqında" qanunun tələblərinin pozulması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) iddiaları üzrə istintaq aparılır.

İstintaq çərçivəsində Bursada saxlanılan Haluk Levent daha sonra İstanbula aparılıb.

Qeyd edək ki, AHBAP Dərnəyi Haluk Levent tərəfindən 2017-ci ildə yaradılmış qeyri-hökumət təşkilatıdır. Dərnək ehtiyacı olan ailələrə yardım göstərilməsi, təhsil, səhiyyə, təbii fəlakətlərdən zərərçəkənlərə dəstək və müxtəlif sosial layihələrin həyata keçirilməsi ilə məşğuldur. Xüsusilə 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyaları ilə tanınıb.