Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

“Dəniz suyunda bağırsaq mənşəli bəzi bakteriyalar, o cümlədən eşerixiya koli və enterokoklar ola bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözlər infeksionist Afət Novruzova deyib. O, qeyd edib ki, dəniz suyunun udulması qulağa girməsi infeksion xəstəliklərə səbəb ola bilər:

“Yay mövsümündə insanlar istirahət və sərinlənmək üçün daha çox dəniz sahillərinə üz tuturlar. Lakin küləkli hava şəraitində dənizdə çimmək sağlamlıq və təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər.

Küləkli havalarda dənizdə dalğalar yüksəlir və suyun altında əks axınlar güclənir. Bu vəziyyət xüsusilə üzmə bacarığı zəif olan insanlar üçün təhlükəlidir. Güclü axınlar insanı dənizin dərin hissələrinə çəkə bilər ki, bu da boğulma riskini artırır.

Bundan əlavə, çimərkən suyun udulması və ya qulaqlara daxil olması müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Dəniz suyunda bağırsaq mənşəli bəzi bakteriyalar, o cümlədən eşerixiya koli və enterokoklar ola bilər. Bu mikroorqanizmlər orqanizmə daxil olduqda mədə-bağırsaq pozğunluqları, ishal və digər infeksion xəstəliklər yarada bilər.

Suyun qulağa düşməsi otitə, burun vasitəsilə daxil olması isə sinusit və haymorit kimi xəstəliklərə səbəb ola bilər. Küləkli havalarda çimərlikdən çıxdıqdan sonra bədənin sürətlə soyuması da əlavə risk yaradır. Bu zaman soyuqdəymə, bronxit, əzələ spazmları və hətta pnevmoniya kimi problemlərlə qarşılaşmaq mümkündür”.

Həkim əhaliyə çimərlik seçərkən dəniz suyunun təmizliyinə diqqət yetirməyi tövsiyə edib:

“Çimərlik seçərkən dəniz suyunun keyfiyyətinə diqqət yetirmək vacibdir. Mövsüm başlamazdan əvvəl çimərliklərdə monitorinqlər aparılır və suyun çimmək üçün yararlı olub-olmaması qiymətləndirilir. Bu zaman bakterioloji, kimyəvi, fiziki və bioloji göstəricilər yoxlanılır.

Bakterioloji göstəricilər suyun tərkibində xəstəlik törədə biləcək mikroorqanizmlərin miqdarını müəyyən edir. Kimyəvi göstəricilər suyun müxtəlif çirkləndiricilərlə çirklənmə səviyyəsini göstərir. Fiziki göstəricilər suyun bulanıqlığı, tullantıların olub-olmaması kimi amilləri əhatə edir. Bioloji göstəricilər isə yosunların və digər canlıların miqdarı, həmçinin suda həll olmuş oksigen səviyyəsi ilə qiymətləndirilir”.

A.Novruzova bildirib ki, küləkli havalarda kanalizasiya sularının dənizə qarışdığı ərazilərdə çirklənmə daha sürətlə yayılır:

“Küləkli havalarda kanalizasiya və yağış sularının dənizə qarışdığı ərazilərdə çirklənmənin yayılması sürətlənə bilər. Bu da bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Belə hava şəraitində çimdikdən sonra bəzi qaydalara əməl etmək lazımdır. Yaş çimərlik geyimi dərhal dəyişdirilməli, bədən və saçlar yaxşı qurulanmalıdır. Daha sonra quru geyim geyinmək, isti çay və ya digər isti içkilər qəbul etmək tövsiyə olunur. Bu tədbirlər orqanizmin soyumasının və müxtəlif xəstəliklərin yaranmasının qarşısını almağa kömək edir”./yenisabah/