Xəbər verildiyi kimi, Azərbaycanın əsas dövlət telekommunikasiya operatoru olan 'Aztelecom' və Ermənistanın 'Team Telecom Armenia' iki ölkə ərazisində internet trafikinin kommersiya əsaslarında tranziti, habelə təchizatı ilə bağlı müqavilə imzalayıblar. Bu müqaviləni şərh edən kibertəhlükəsizlik üzrə mütəxəssis Artur Papyan 'Hraparak'a geniş açıqlamasında hər hansı problem olmayacağını deyib. Amma Naxçıvanla bağlı bir fikir səsləndirib: 'Naxçıvandan gəlməli olan internetə gəldikdə isə bağlantılar əsasən dəniz yolları ilə gəlir: bir kabel İrandan keçir, Ermənistana daxil olur, digər kabel Qara dəniz vasitəsilə Avropaya qoşulur, Gürcüstan ərazisi vasitəsilə Ermənistana daxil olur. Məsələn, Gürcüstan ərazisində olsa da, azərbaycanlılara məxsus olan Qafqaz kabeli daha böyük, real narahatlıq doğurur. Orada bu məsələdən daha çox danışmaq üçün əsasımız var. Əslində, bu barədə səs-küy salanları və bunun nə olduğunu başa düşürəm, amma yenə də indi onu Azərbaycana satmağımız çox yaxşıdır. Mən özüm də bunu öyrənmək istəyirəm. Amma ictimaiyyətə açıq olan kabel sadəcə fiziki olaraq bizə qoşulmayacaq. Əksinə, Naxçıvan camatının internetin Ermənistandan təmin ediləcəyindən narahat olmaq üçün daha çox səbəbi var'.
Burada isə bir sual yaranır: söhbət hansı narahatlıqdan gedir?
NOCOMMENT.az xəbər verir ki, regional kommunikasiyaların açılması istiqamətində atılan bu rəqəmsal addım həm Bakıda, həm də İrəvanda fərqli siyasi və texnoloji müzakirələrə yol açıb. Erməni ekspertlərin bəziləri bu müqaviləni Ermənistanın iqtisadi qazancı kimi qiymətləndirsə də, strateji infrastruktur üzərində nəzarət məsələsi hər iki tərəfdə milli təhlükəsizlik prizmasından diqqətlə izlənilir. Xüsusilə Naxçıvan Muxtar Respublikasının coğrafi blokada şəraitində fəaliyyət göstərməsi, bu cür qlobal rəqəmsal layihələrdə Ermənistan üzərindən keçə biləcək hər hansı asılılığın risklərini yenidən gündəmə gətirir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert, professor Qabil Hüseynli qeyd edib ki, erməni mütəxəssisin Naxçıvanla bağlı səsləndirdiyi fikirlər İrəvanın rəqəmsal rıçaqlar əldə etmək iddiasından xəbər verir, lakin Azərbaycan tərəfi bu məsələdə bütün təhlükəsizlik tədbirlərini öncədən hesablayıb: "Ermənistan tərəfi çox yaxşı anlayır ki, Azərbaycan rəqəmsal magistral sahəsində Gürcüstan və Qara dəniz xətti vasitəsilə çox güclü infrastruktura sahibdir. Artur Papyanın Gürcüstan ərazisindəki Qafqaz kabelinin Azərbaycana məxsus olmasından narahatlıq ifadə etməsi rəsmi Bakının bölgədəki strateji üstünlüyünün etirafıdır. Lakin onun 'Naxçıvan camaatı internetin Ermənistandan təmin ediləcəyindən narahat olmalıdır' fikri birbaşa manipulyasiyadır və pərdəarxası hədə qorxudur. Ermənilər elə bir təəssürat yaratmaq istəyirlər ki, gələcəkdə Naxçıvanın internet trafiki İrəvanın nəzarətində olacaq və onlar istədikləri an bu xətti kəsə və ya kiberməkanımıza sızma edə biləcəklər. Amma reallıq tamamilə fərqlidir".
Onun sözlərinə görə, Azərbaycan heç bir strateji sahədə, xüsusən də kibertəhlükəsizlik və internet təminatında Ermənistandan asılı vəziyyətə düşməyəcək qədər güclü alternativlərə malikdir: "Naxçıvan Muxtar Respublikasının internet təminatı bu gün Türkiyə və İran üzərindən keçən çoxşaxəli, etibarlı magistral xətlərlə tam sığortalanıb. Ermənistanla bağlanan bu müqavilə sırf kommersiya xarakterli tranzit sazişidir və rəqəmsal müstəvidə Azərbaycanın regional qovşağa çevrilməsi strategiyasının bir hissəsidir. Erməni tərəfinin hansısa kiber-təhdid və ya blokada xəyalları qurması sadəcə öz ictimaiyyətlərini sakitləşdirməyə yönəlib. Biz Naxçıvanın təhlükəsizliyini hərbi cəhətdən necə qoruyuruqsa, onun rəqəmsal sərhədlərini və informasiya təhlükəsizliyini də eyni dərəcədə ciddi nəzarətdə saxlayırıq. Ermənistanın bu xətlər üzərindən hər hansı bir təxribata əl atması, onun beynəlxalq tranzit öhdəliklərini tamamilə itirməsi və rəqəmsal dünyadan təcrid olunması ilə nəticələnər".
Tunar,
NOCOMMENT.az












