Moskva İrəvandan KTMT ilə bağlı rəsmi qərar gözləyir

Moskva İrəvandan KTMT ilə bağlı rəsmi qərar gözləyir

Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsi Viktor Vasilyev rəsmi Moskvanın Ermənistanın qurumdakı gələcək fəaliyyəti ilə bağlı mövqeyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, rusiyalı diplomat Ermənistanın təşkilatla bağlı qəti qərarını verməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, İrəvan ya təşkilatda qalmağı, ya da digər bir ssenariyə üstünlük verdiyini rəsmən bildirməlidir: "Qərar qəbul etməlidirlər: onlar təşkilatda qalırlar, yoxsa başqa yol seçirlər. Bizə bu barədə məlumat verməlidirlər".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də tam iştiraka qayıtmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Ermənistan 2024-cü ilin fevral ayından etibarən qurumdakı fəaliyyətini dondurub, son üç ildir isə təşkilata üzvlük haqqını ödəməkdən imtina edir. Rusiya Xarici İşlər Nazirliyi və KTMT rəsmiləri bir neçə dəfə xəbərdarlıq ediblər ki, maliyyə öhdəliklərinin yerinə yetirilməməsi Ermənistanın təşkilatdakı səsvermə hüquqlarının məhdudlaşdırılmasına və ya üzvlüyünə xitam verilməsinə səbəb ola bilər.

Sara,

NOCOMMENT.az