Yeni Dövlət Proqramında pambıqçılığın klaster formasında inkişaf etdirilməsi nəzərdə tutulur. Bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda keçirilən regional müşavirədə deyib. Nazir qeyd edib ki, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması, istehsalın 17 faiz, emalın isə 4 dəfə artırılması qarşıya məqsəd kimi qoyulub. Bir neçə il əvvəl bölgələrdə pambıq əkininə sürətlə başlanmışdı. Son dövrlər isə bu prosesdə axsama müşahidə olunur. Pambıq istehsalını artırmaq üçün qarşıya qoyulan hədəflərə çatmaqda nə kimi addımların atılması zəruridir?
NOCOMMENT.az xəbər verir ki, kənd təsərrüfatının ən strateji və gəlirli sahələrindən sayılan pambıqçılığın yenidən dirçəldilməsi və "ağ qızıl"ın ölkə iqtisadiyyatında payının artırılması hökumətin əsas hədəflərindən birinə çevrilib. Nazirliyin elan etdiyi hədəflər kifayət qədər böyük ambisiyalardan xəbər versə də, son illərdə sahələrdə yaşanan geriləmələr və fermerlərin üzləşdiyi çətinliklər bu sahəyə yeni, daha sistemli yanaşmanı mütləq edir. Klaster sisteminə keçid və emal sənayesinin dörd dəfə genişləndirilməsi planı təkcə xammal istehsalını deyil, həm də son məhsul zəncirinin yaradılmasını tələb edir ki, bu da aqrar sektorda köklü islahatların aparılmasından asılıdır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, pambıqçılıqda qarşıya qoyulan hədəflərə çatmaq üçün mexaniki yanaşmalardan imtina edilməli, fermerlərin birbaşa iqtisadi maraqları təmin olunmalıdır: "Kənd təsərrüfatı nazirinin elan etdiyi 2030-cu il hədəfləri, xüsusən məhsuldarlığın 50 sentnerə çatdırılması və emalın dörd dəfə artırılması planı olduqca ciddi göstəricilərdir. Lakin etiraf etməliyik ki, son illərdə pambıq əkinində müəyyən sönüklük və axsama var idi. Bunun ən böyük səbəbi pambığın satınalma qiymətlərinin fermerlərin çəkdiyi xərcləri tam qarşılamaması və suvarma suyu ilə bağlı yaşanan ciddi regional qıtlıq idi. Əgər biz orta məhsuldarlığı artırmaq istəyiriksə, dövlət tərəfindən tətbiq olunan subsidiyaların verilmə mexanizmi sadələşdirilməli və birbaşa son məhsula — təhvil verilən pambığın tonuna görə ödənilən məbləğ artırılmalıdır. Fermer torpağa toxum səpəndə bilməlidir ki, çəkdiyi əziyyət ona yüksək qazanc gətirəcək. Klaster modelinin tətbiqi isə istehsalçı ilə emalçı arasında birbaşa əlaqə yaradaraq riskləri minimuma endirə bilər".
Onun sözlərinə görə, pambıq istehsalını intensivləşdirmək və emal sənayesini gücləndirmək üçün ölkədə aqrar texnologiyaların yenilənməsi və su resurslarının idarə edilməsi tamamilə yenidən qurulmalıdır: "Pambıqçılıq həddindən artıq su tələb edən bir sahədir. Sabirabad, Saatlı, Bərdə kimi ənənəvi pambıqçılıq rayonlarında fermerlərin əsas problemi hələ də su çatışmazlığıdır. Müasir damlama və yağışyağdırma suvarma sistemləri kütləvi şəkildə tətbiq olunmadan 50 sentnerlik məhsuldarlıq hədəfinə çatmaq qeyri-mümkündür. Dövlət bu texnologiyaların alınmasında fermerlərə güzəştli kreditlər və lizinq imkanları tanımalıdır. Digər tərəfdən, emalın dörd dəfə artırılması o deməkdir ki, Azərbaycan xammal satan ölkədən hazır toxuculuq və tekstil məhsulları ixrac edən ölkəyə çevrilməlidir. Bu, daxildə minlərlə yeni iş yerinin açılması və ölkəyə daha çox valyuta daxil olması deməkdir. Planların kağız üzərində qalmaması üçün nazirliyin yerlərdə keçirdiyi bu regional müşavirələr real icra mexanizmləri ilə dəstəklənməli, aqroservislərin fəaliyyəti gücləndirilməlidir".
Tunar,











