Türkiyəyə ən çox hansı ölkələrdən köç edilir? – Azərbaycan ilk üçlükdə

Türkiyəyə ən çox hansı ölkələrdən köç edilir? – Azərbaycan ilk üçlükdə

Türkiyəyə köç edənlərin sayı 2025-ci ildə əhəmiyyətli dərəcədə artıb. Türkiyə Statistika İnstitutunun (TÜİK) açıqladığı "Beynəlxalq Miqrasiya Statistikası"na görə, ötən il ölkəyə gələnlərin sayı əvvəlki illə müqayisədə 25,2 faiz artaraq 393 min 829 nəfərə çatıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyəyə gələnlərin 56,6 faizini kişilər, 43,4 faizini isə qadınlar təşkil edib. Ölkəyə köç edənlərin 91 min 952-si Türkiyə vətəndaşı, 301 min 877-si isə xarici vətəndaş olub.

Eyni zamanda, 2025-ci ildə Türkiyədən xaricə köç edənlərin sayı 5 faiz azalaraq 403 min 216 nəfər təşkil edib. Bu şəxslərin 155 min 119-u Türkiyə vətəndaşı, 248 min 97-si isə xarici vətəndaşlar olub.

Statistikaya əsasən, Türkiyəyə köç edənlər arasında ən böyük pay 20-24 yaş qrupuna məxsusdur. Bu yaş kateqoriyası ümumi miqrantların 16,3 faizini təşkil edib. Onları 25-29 yaş qrupu (13,7 faiz) və 30-34 yaş qrupu (11,5 faiz) izləyib.

Əyalətlər üzrə bölgüyə görə, İstanbul 42,2 faizlə ən çox miqrant qəbul edən şəhər olub. Sonrakı yerlərdə Antalya (9,1 faiz), Ankara (6,7 faiz), İzmir (3,1 faiz) və Bursa (2,9 faiz) qərarlaşıb.

Ən diqqətçəkən məqamlardan biri isə Türkiyəyə ən çox köç edən xarici vətəndaşların mənsub olduğu ölkələrdir. Belə ki, 2025-ci ildə Türkiyəyə gələn xarici vətəndaşlar arasında Türkmənistan vətəndaşları 23,4 faizlə birinci yeri tutub. Siyahıda Azərbaycan ikinci yerdə qərarlaşıb.

Azərbaycan vətəndaşları ümumi miqrantların 8,3 faizini təşkil edib. Sonrakı yerlərdə Özbəkistan (6,9 faiz), Misir (6,1 faiz) və Əfqanıstan (5,8 faiz) yer alıb.

Türkiyədən xaricə köç edən xarici vətəndaşlar arasında isə ilk sırada İraq vətəndaşları dayanır. Onları Əfqanıstan, Rusiya, İran və Türkmənistan vətəndaşları izləyir.


Sara
NOCOMMENT.az