İcra başçısının çayxana görüşü: Videodakı qalstuklu şəxlər kimlərdir?

İcra başçısının çayxana görüşü: Videodakı qalstuklu şəxlər kimlərdir?

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun çayxanada rayon sakinləri ilə görüşünü əks etdirən video hələ də sosial şəbəkələrdə müzakirə olunur.

Həmin videoda icra başçısı rəsmi geyimdə çayxanaya gələrək sakinlərlə söhbət edir, onların problemlərini dinləyir.

Videoda əsas diqqət çəkən məqam isə çayxanada oturan sakinlərin də kostyum geyinmələri, qalstuk taxmalarıdır.

Nəticədə bu görüntü sosial şəbəkə istifadəçiləri arasında görüşün əvvəlcədən planlaşdırıldığı, iştirakçıların xüsusi olaraq seçildiyi və dialoqun ssenari əsasında qurulduğu fikirlərini formalaşdırıb.

Yəni istifadəçilər məmur-vətəndaş görüşünün təbii və səmimi mühitdə deyil, səhnələşdirilmiş şəraitdə keçirildiyini iddia edirlər.

Hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, icra başçılarının çoxu xalq arasına çıxmağı sevmir:

“Belə ssenarilərlə icra hakimiyyəti başçıları özlərini xalq adamı kimi qələmə verməyə çalışırlar. Guya çayxanalarda əhali ilə görüşüb, onların fikirlərini, problemlərini dinləyirlər”.

Ekspert qeyd edir ki, icra başçılarının əksəriyyəti məhz belə bir görüntü yaratmağa meyllidir və bu sayaq görüntülər ancaq piar xarakteri daşıyır:

“Reallıqda isə onlar insanların arasına çıxa bilmir. Çünki əhalinin problemləri çoxdur. İcra başçıları əhalinin marağına yönəlik real işlər görmək istəmir, görə bilmir və yaxud maliyyə və səlahiyyətin çatmaması səbəbindən görmək imkanına malik deyillər. Ona görə də əhali ilə görüş görüntüsü yaratmaqla həm ictimaiyyəti aldadır, həm də tabe olduqları qurumlara hesabat verirlər”.\\bakupost.az