Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi

Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi

“İdrak” liseyində müəllimlə 10-cu sinif şagirdi Ə.Ş arasındakı insidentlə bağlı məhkəmə istintaqı başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əsas iclasda prokuror ittihamı oxuyub.

Prokurordan əvvəl isə təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə iki vəsatət qaldırıb. Bunlardan biri müvəkkilinin şüşə qəfəsdən çıxarılıb yanında əyləşməsi ilə bağlı olub. Həmin vəsatət təmin edilib. Ə.Ş vəkili ilə anasının ortasında əyləşib.

Daha sonra vəkil məhkəmənin qapalı keçirilməsini istəyib. Bundan əvvəlki prosesdə də eyni vəsatət qaldırılsa da, əsassız sayılmışdı. Bu dəfə vəkil vəsatətini belə əsaslandırıb ki, məhkəmə prosesindən xəbərlər yayılandan sonra sosial şəbəkədə müvəkkilinin ailə üzvləri barədə çoxsaylı neqativ şərhlər yazırlar.

Zərərçəkmiş müəllim Şəhla Kamilova da ilk dəfə olaraq prosesdə iştirak edib. O, sözügedən vəsatəti dəstəkləyib.

Məhkəməyə sədrlik edən hakim Vüqar Quliyev müdafiəçinin arqumentini əsaslı hesab etməyib. Hakim deyib ki, mediada çıxan xəbərlərdə hüquqi baxımdan heç bir səhv yoxdur. Sosial şəbəkədə kimlərsə nə isə yazırsa, jurnalistlər buna cavabdeh deyil.

İttiham aktının elanından məlub olub ki, təqsirləndirilən şagird müəllimini dərsinə yaxşı hazırlaşmadığı üçün ona irad bildirməsinə görə güllələyib. Müəllimin iradından təsirlənən şagird isə sinif yoldaşlarına özünə sübut etmək üçün həmin gecə valideynlərinin otağındakı silahı xəlvət götürüb idman çantasında gizlədib. Səhəri günü də həmin silahla müəlliminə atəş açıb.

Bu əməlinə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham verilib.

Şagird bu əməlinə görə özünü qismən təqsirli bilib. Yeniyetmə müttəhim müəllimini öldürmək niyyəti ilə vurmadığını deyib. Əməlindən peşman olduğunu dilə gətirib.

Vaxt məhdudiyyətindən şagirdin geniş ifadə verə bilməyib. Növbəti proses iyulun 24-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin fevralında baş verib. 10-cu sinif şagirdi Ə.Ş. evdən götürdüyü ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.\\qafqazinfo.az