Palma yağının insan sağlamlığına zərərləri ilə bağlı cəmiyyətdə kök salmış fikirlər mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu günlərdə verdiyi rəsmi açıqlamada bildirib ki, palma yağının digər bitki yağları ilə müqayisədə daha təhlükəli olması barədə formalaşan fikirlər yanlış təsəvvürdən qaynaqlanır.
Onun sözlərinə görə, bu yağ bazarda digər yağları sıxışdırdığı üçün süni şəkildə "zərərlidir" mifi yaradılır. Sədr ölkəyə idxal olunan bütün qida məhsulları kimi yağların da, xüsusən də yüksək riskli qrup sayılan palma yağının bütün partiyalarının dövlət nəzarəti altında ciddi şəkildə yoxlanıldığını vurğulayıb. Eyni zamanda qənnadı sənayesində bu yağın təbii qatılığı sayəsində əlavə hidrogenləşmə prosesinə (kimyəvi qatılaşdırmaya) ehtiyac duymaması onun əsas üstünlüklərindən biri kimi qeyd edilib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida eksperti Ağa Salamov qeyd edib ki, cəmiyyətdə palma yağına qarşı yaranan aqressiv yanaşmanın əsas səbəbi onun qida sənayesində və bəzi saxtakarlıqlarda düzgün istifadə edilməməsidir: "Əslində palma yağı təbii halda zərərli deyil, çünki onun tərkibində güclü antioksidant olan E vitamini və karotinoidlər var. Problem burasındadır ki, bəzi işbazlar palma yağını kərə yağının tərkibinə qataraq istehlakçını aldadır və xalis kərə yağı adı altında satırlar. İkinci böyük təhlükə isə onun yüksək dərəcədə rafinə edilməsi və termiki emal zamanı tərkibində kanserogen birləşmələrin yaranmasıdır. Əgər qida sənayesində texnoloji qaydalara əməl olunarsa və bu yağ keyfiyyətli şəkildə emal edilərsə, onun digər bitki yağlarından kəskin bir fərqi qalmır".
Onun sözlərinə görə, əsas diqqət yetirilməli məqam məhsulların etiketlənməsi və istehlakçının düzgün məlumatlandırılmasıdır: "Əgər bir məhsulun içində palma yağı varsa, bu, etiketdə açıq şəkildə yazılmalıdır. Alıcı bilməlidir ki, o, kərə yağı yox, bitki tərkibli spred və ya marqarin alır. İstehlakçıların aldadılması həm qanun pozuntusudur, həm də insanların qida təhlükəsizliyinə inamını sarsıdır".
Tunar,










