ABŞ-İran memarandumunu kimlər hədəfə alıb? - Detallar

ABŞ-İran memarandumunu kimlər hədəfə alıb? - Detallar

ABŞ və İran arasında əldə olunmuş anlaşma memorandumu rəsmi Tehranın daxili siyasi müstəvisində ciddi qarşıdurmaya və parçalanmaya səbəb olub. İrandakı radikal mühafizəkar qruplar islahatçı qanadın Vaşinqtonla yaxınlaşma və gərginliyi azaltma cəhdlərini hər vəchlə pozmağa çalışırlar. Hazırda bu anlaşma ölkə daxilindəki hərbi-siyasi elita tərəfindən birbaşa hədəfə alınıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hakimiyyət daxilində memoranduma qarşı çox kəskin reaksiyalar mövcuddur: "İranın mühafizəkar qrupu islahatçı qanadın ABŞ-la anlaşma memorandumunu hər vəchlə pozmağa çalışır. İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən 'Keyhan' qəzeti və digər radikal mətbuat orqanları ölkə prezidentini, xarici işlər nazirini və parlament sədrini dövlətə xəyanətdə günahlandırır. Həmçinin parlamentin bir neçə mühafizəkar deputatı da kəskin şəkildə bu anlaşmaya qarşı çıxışlar edirlər".

Ekspertin sözlərinə görə, siyasi təzyiqlər artıq regional müstəvidə hərbi təxribatlarla müşayiət olunmağa başlayıb: "Məhz bu daxili çəkişmələrin və müqavimətin nəticəsidir ki, SEPAH Hörmüz boğazından keçən gəmilərə yenidən atəş açıb. İran hakimiyyəti daxilində razılaşmanın pozulması və islahatçıların artan mövqeyinin zəifləməsi istiqamətində ciddi hücumlar həyata keçirilir. Hətta daxili böhranın o həddə çatması fonunda prezident və xarici işlər nazirinə qarşı sui-qəsd edilməsi belə istisna deyil. Hazırda ABŞ-İran memorandumunu yalnız prezident və onun komandası qorumağa çalışır".

Politoloq Vaşinqtonun bu situasiyada atacağı addımların da həlledici rol oynayacağını vurğulayıb: "Əgər ABŞ İrana qarşı genişmiqyaslı yenidən hücum edərsə, bu daxildəki mühafizəkarların mövqeyini daha da gücləndirəcək. Ona görə də Vaşinqton hazırda prosesləri düzgün qiymətləndirməyə çalışır. Lakin unutmamaq lazımdır ki, SEPAH ölkədə çox güclüdür və onların qərarları mütləq xarakter daşıyır. Mühafizəkarların apardığı bu aqressiv siyasət ABŞ-İran memorandumunun reallaşmasını böyük sual altına qoyur. Görünən odur ki, yaxın gələcəkdə Prezident Məsud Pezeşkian və onun komandasını kifayət qədər çətin günlər gözləyir".