Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan sonra Çinə etdiyi qəfil səfər siyasi və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Rusiya ilə Ukrayna arasında qalan rəsmi Minskin xarici siyasət addımları hazırda regiondakı geosiyasi gərginliyin ən həssas nöqtələrindən birini təşkil edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin bir müddət əvvəl Lukaşenkoya ünvanladığı kəskin xəbərdarlıq — Belarus ərazisindən Rusiyanın raket və dron zərbələrinə dəstək verən stansiyaların fəaliyyətinin dayandırılmayacağı təqdirdə Ukraynanın bu hədəflərə zərbə endirəcəyi bəyanatı vəziyyəti daha da gərginləşdirib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Kiyevin bu xəbərdarlığı Minskdə ciddi narahatlıq doğurub: "Zelenskinin açıqlaması açıq-açkar Lukaşenkonu qorxutdu. Çünki Rusiya ilə müharibədə güclənmiş Ukrayna ordusu Belarusda istənilən hədəfi neytrallaşdırmaq imkanına malikdir. Belaruslu generallar isə qonşu Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko yaxşı bilir ki, Ukraynanın onun ölkəsinə endirəcəyi zərbələr daxildə öz hakimiyyətini zəiflədəcək. Odur ki, Aleksandr Lukaşenko ard-arda geri addım bəyanatları verməyə başladı, hətta müsahibələrinin birində vaxtilə Zelenskini təhqir etdiyinə görə Ukrayna Prezidentindən üzr istədi. Lukaşenko 'biz müharibə istəmirik' fikrini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qaldı. Bundan sonra Zelenski də rəsmən açıqlama verdi ki, Belarus ərazisindəki həmin stansiyalar fəaliyyətlərini dayandırıblar".
Ekspertin sözlərinə görə, Kiyevin təzyiqindən yayınmağa çalışan Lukaşenko bu dəfə Moskvanın daha ağır tələbləri ilə üzləşib: "Bu dəfə Lukaşenkoya təzyiq rusiyalı həmkarı və patronu Vladimir Putindən gəldi. Rusiya Ukraynaya qarşı müharibədə Belarus ərazisinin imkanlarından imtina etmək istəmir. Buna görə də Putin Lukaşenkonu Kremlə çağırdı və ikili arasında qapalı danışıqlar getdi. Rusiya tərəfi danışıqların predmeti barədə mətbuata heç bir məlumat vermədi. Beləliklə, Lukaşenko bir tərəfdən Kremlin təzyiqi altındadır, digər tərəfdən isə Kiyevdən xəbərdarlıq mesajları alır. Belarus Prezidenti yaranmış bu çıxılmaz vəziyyətdə Pekinə səfər etməyi lazım bildi".
Politoloq Çinin bu prosesdəki rolunu və rəsmi Pekindən gələn bəyanatların pərdəarxasını da şərh edib: "Lukaşenko sonuncu dəfə Çində 2025-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı zamanı olmuşdu. Bu səfərdə isə Çin lideri Si Cinpin dostum adlandırdığı Lukaşenkoyla söhbətdə ölkəsinin Belarusun suverenliyini və müstəqilliyini müdafiə edəcəyini bildirdi. Bəs bu real olaraq nə deməkdir? Çin Belarusu Ukraynanın mümkün həmlələrindən, yoxsa Rusiyanın təzyiqlərindən qoruyacaq? Bu, olduqca çətindir. Çin Rusiya və Belarusla tərəfdaşlıq münasibətlərinə malik olsa da, Ukrayna müharibəsində Kremli və ya Minski açıq dəstəkləməkdən ehtiyat edir. Pekinin Qərb ölkələri ilə münasibətləri hamar olmasa da, Vaşinqton və Brüsellə körpüləri tam yandırmaq istəmir. Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskvaya olan təsir imkanlarından istifadə etmək istəməməsindən narazıdır".
Elxan Şahinoğlu əlavə edib ki, Çinin diplomatik bəyanatları real hərbi-siyasi böhranda mühüm çəkiyə malik deyil: "Pekin Minskə dəstəyini ifadə etsə də, qapalı danışıqlarda Belarus Prezidentinə 'Sən müharibəyə qarışma, kənarda qal' məsləhətini verə bilər. Ancaq Çin liderinin açıq şəkildə bildirdiyi 'Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə hazırıq' bəyanatı sadəcə sözdədir və indiki məqamda böyük bir şey ifadə etmir. Əgər Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməyəcəksə və vəziyyət gərginləşəcəksə, Çin real olaraq Belarusun köməyinə gəlməyəcək".
Tunar,
NOCOMMENT.az










