Bakıda sürücülərin yolunu zibil qutuları ilə kəsdilər - FOTO

Bakıda sürücülərin yolunu zibil qutuları ilə kəsdilər - FOTO

Bakının "İnşaatçılar" metrostansiyası yaxınlığında təhlükəli vəziyyət yaranıb.

NOCOMMENT.az xəbər verir ki, söhbət zibil qutularının birbaşa avtomobil yolunun hərəkət hissəsinə yaxın düzülməsindən gedir.

Ərazidə yaşayan sakinlər redaksiyamıza bildirir ki, bu addım həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Onların sözlərinə görə, insanlar zibil atmaq üçün məcbur olub yolun hərəkət hissəsinə çıxırlar. Bu isə hərəkətin intensiv olduğu ərazidə qəza ehtimalını artırır. Digər tərəfdən, yol kənarında yerləşdirilən qutular sürücülərin də diqqətini yayındırır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Şəhərsalma və tikinti qaydalarına əsasən, zibil qutuları avtomobil yolunun hərəkət hissəsində yerləşdirilə bilməz:

“Kommunal xidmətlər adətən bu qutular üçün xüsusi yerlər müəyyən edir. Ona görə də bu vəziyyətin necə yarandığı araşdırılmalıdır. Ehtimal ki, ərazidə aparılan tikinti və ya hansısa yer dəyişiklikləri nəticəsində zibil qutuları öz əvvəlki yerlərindən çıxarılıb və nəzarətsiz şəkildə yol kənarına qoyulub”.

Ekspertin sözlərinə görə, zibil qutularının bu formada yerləşdirilməsi nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, xüsusilə küləkli hava şəraitində əlavə təhlükə yaradır:

“Belə hallarda qutuların aşma və ya yolun üzərinə çıxma ehtimalı artır. Bu isə qəza riskini daha da yüksəldir. Məsələ ciddi şəkildə araşdırılmalı və zibil qutuları əvvəlki, təhlükəsiz yerlərinə qaytarılmalıdır”.\\bakupost.az