“Qadına qadın kimi baxırıq, vətəndaş kimi baxmırıq ki… Biz qadına hüquqi baxımdan mənimlə bərabər olan bir insan kimi yanaşmırıq. Burada qadınlarımızın nə günahı var?!”
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. “Künc-Bucaq” layihəsinin qonağı olan siyasətçi bildirib ki, qadınların xarici görünüşə həddindən artıq diqqət yetirməsi cəmiyyətin onlara yanaşma tərzindən qaynaqlanır:
“Amerikada siz bir dənə də bəzənib-düzənmiş qadın görməzsiniz. Qadınların geyiminə baxsanız görərsiniz ki, kişi paltarı kimi sadə geyinirlər.
Geniş şalvar, qara rəngli geyimlər. Amma Azərbaycanda qadın evdən çıxanda elə bil bara və ya restorana gedir. Quranda da var, deyilir ki, evdə əriniz üçün maksimum bəzənin, amma çölə çıxanda yox.
Bizdə isə əksinədir. Evdə özünə baxmır, kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir, boyanır, bəzənir. Onda sual yaranır, bunu kim üçün edirsən? Ərin üçün edirsənsə, evdə etməlisən. Küçəyə çıxanda bunu niyə edirsən? Deməli, başqalarının diqqətini çəkmək üçün edirsən. Bu baxımdan qadınların da müəyyən məsuliyyəti var. Kişilərin qadınları cəmiyyət həyatına buraxmamasının bir günahı da qadınların özündədir. Hamı baxır ki, cəmiyyətə çıxan qadınların axırı hara gedib çıxır”.
O, son illər qadınların estetik müdaxilələr etdirməsinə də sərt reaksiya verib. Siyasətçi bunun dini baxımdan doğru olmadığını və sağlamlıq üçün risk yarada biləcəyini bildirib:
“Bu, İslama görə ən böyük günahlardan biridir. Bizim orqanizmimizin ayrı-ayrı xüsusiyyətləri ümumi quruluşumuzla bağlıdır. Burnum böyükdür, dodağım balacadır, gözüm belədir. Bunlar insanın təbii quruluşunun bir hissəsidir. Sonradan bunları dəyişdirməyə çalışmaq düzgün deyil. Əvvəlcə mənəvi gözəllik olmalıdır. Bizdə isə hər şey fiziki gözəllik üzərində qurulub.
Baxın, heyvanlar aləmində gözəllik anlayışı yoxdur. Onlar sağlam nəsil verə biləcək dişini seçirlər.
İnsan isə qadına qadınlıq xüsusiyyətlərinə görə yox, çox vaxt seksual obyekt kimi yanaşır. Qadın da özünü seksual obyekt kimi təqdim etməməlidir ki, ona həmin şəkildə yanaşılmasın.
Bizim cəmiyyətimizdə həm qadınların davranışında, həm də kişilərin qadına münasibətində problemlər var. Amma bu o demək deyil ki, qadın evdə oturmalıdır. Bu da çıxış yolu deyil. Bir qadın pis yola getmək istəyirsə, onu iyirmi sandığın içində də gizlətsən, yenə öz yolunu tapacaq. “Minbir Gecə” nağəıllarında da qız onu qorumaq istəyən div barədə deyir ki, divin buynuzları arasında min dənə kişi ilə görüşmüşəm. Qadın sosial varlıq kimi qəbul olunmalıdır. Kişilərin qadına münasibəti dəyişməlidir, qadının da özünə münasibəti dəyişməlidir.
Təkcə üz gözəlliyi kifayət etmir. Üzün gözəl, mənəviyyatın isə çirkin ola bilər. Bunun nə faydası var?!
Azərbaycanda qadına ağlına, mədəniyyətinə və dünyagörüşünə görə yox, daha çox xarici görünüşünə görə dəyər verilir. Nəticədə qadınlar da öz üzərində işləmək əvəzinə, daha çox fiziki görünüşlərini dəyişdirməyə çalışırlar. Bu isə ayrıca problemdir”.
Onun sözlərinə görə, qadın şəxsi qulluğa diqqət yetirilməli, ancaq görünüş naminə əməliyyatlara əl atılmamalıdır:
“Mənə elə gəlir ki, həm dini baxımdan bu düzgün deyil, həm də sonrakı nəticələri baxımından təhlükəlidir. Məsələn, insanlar silikon etdirirlər, bir müddət sonra ciddi problemlər yaranır. Bəzən də qaş düzəldən yerdə göz çıxarırlar.
Qadın özünə baxmalıdır. Mən demirəm ki, qadından soğan iyi gəlməlidir, xeyr! Qadın təmiz olmalıdır, səliqəli olmalıdır, kosmetikadan düzgün istifadə etməlidir. Amma bu, bədənə cərrahi müdaxilə səviyyəsinə çatmamalıdır.
Bu mövzularla bağlı cəmiyyətdə lazımi maarifləndirmə aparılmır. Ona görə də cəmiyyətimizin vəziyyəti bu gündədir”./yenisabah/











