Azərbaycanın turizm sektorunda cari ilin ilk beş ayında müşahidə olunan eniş tendensiyası rəsmi statistika ilə təsdiqlənib. Dövlət Sərhəd Xidmətinin qeydiyyat bazasına istinadən Dövlət Statistika Komitəsinin yaydığı son göstəricilər ölkəyə gələn əcnəbilərin sayında gözlənilməz geriləmə olduğunu ortaya qoyur.
Belə ki, 2026-cı ilin yanvar-may ayları ərzində respublikamıza dünyanın 186 müxtəlif dövlətindən ümumilikdə 871,7 min nəfər qonaq təşrif buyurub ki, bu da ötən ilin eyni zaman kəsiyi ilə müqayisədə düz 11 faizlik bir azalma deməkdir. Coğrafi struktur baxımından gələnlərin mütləq əksəriyyəti yenə də qonşu və region ölkələrinin payına düşür; ziyarətçilərin 27,2 faizi Rusiya Federasiyasından, 22 faizi qardaş Türkiyədən, 8,4 faizi İrandan və 5 faizi Gürcüstandan gəlib. Siyahının növbəti pillələrində isə müvafiq olaraq Qazaxıstan, Özbəkistan, Hindistan, Pakistan, Çin, İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrin vətəndaşları qərarlaşıb. Gender mənsubiyyətinə gəlincə, hesabat dövründə sərhədi keçən əcnəbilərin 69,6 faizini bəylər, cəmi 30,4 faizini isə xanımlar təşkil edib. Turizm bazarındakı bu 11 faizlik kəskin eniş fonunda mütəxəssislər real mənzərəni şərtləndirən daxili və xarici amilləri araşdırmağa başlayıblar.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan turizm üzrə ekspert Şahin Qayıbov qeyd edib ki, statistikanın qeydə aldığı bu geriləmə ölkənin turizm ekosistemindəki bəzi köklü problemlərin və qlobal iqtisadi konyunkturun birbaşa fəsadıdır: "Biz 11 faizlik bu azalmanı sadəcə rəqəm kimi görməməliyik, bu, infrastruktur və qiymət siyasətimizə siqnaldır. Hazırda Azərbaycanda xidmət sektorunun, xüsusən də otel və yerləşmə obyektlərinin qiymətləri qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir, lakin təklif olunan xidmətin keyfiyyəti bu bahaçılığı hər zaman doğrultmur. Digər tərəfdən, Rusiya və region ölkələrindən gələn turistlərin sayındakı eniş birbaşa həmin ölkələrdəki valyuta dalğalanmaları və alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Əcnəbi turist artıq daha qənaətcil və büdcəsinə uyğun alternativ bazarlara – Gürcüstan, Türkiyə və ya Misirə üstünlük verir. Eyni zamanda, Azərbaycana təyyarə biletlərinin qiymətlərinin hələ də yüksək həddə qalması da kütləvi turist axınının qarşısını kəsən ən böyük əngəllərdən biridir".
Onun sözlərinə görə, gələn qonaqların böyük hissəsinin kişilərdən ibarət olması və coğrafi asılılıq ölkə turizminin hələ də diversifikasiya oluna bilməməsinin göstəricisidir: "Ziyarətçilərin təqribən 70 faizinin kişilər olması onu göstərir ki, ölkəyə gələnlərin əhəmiyyətli hissəsi klassik istirahət məqsədli ailəvi turistlər deyil, daha çox biznes, tranzit və ya qısa müddətli işgüzar səfərlərə gələn şəxslərdir. Biz ailəvi turizm paketlərini və xanımlar üçün cəlbedici ola biləcək alış-veriş, sağlamlıq kurortları layihələrini daha aktiv təbliğ etməliyik. Çin, Hindistan və Körfəz ölkələrindən gələnlərin payı cüzi də olsa artsa da, ümumi enişi kompensasiya etməyə bəs etmir. Əgər biz payız və qış mövsümündə vəziyyəti düzəltmək istəyiriksə, təcili olaraq loukoster (aşağı büdcəli) aviaşirkətlərin sayını artırmalı, viza prosedurlarını bəzi potensial Asiya ölkələri üçün daha da sadələşdirməli və daxili bazarda süni qiymət artımına nəzarəti gücləndirməliyik. Əks halda, bu azalma tendensiyası ilin sonuna qədər davam edə bilər".
Tunar,










