“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - (Foto)

“Koroğlu” ətrafında hərəkət sxemi dəyişir - (Foto)

Bakıda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında nəqliyyatın hərəkət sxemində dəyişiklik ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dəyişikliklər "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin "Piramida" adlanan hissəsinin yaxınlığında tətbiq olunacaq və əsas məqsəd avtobusların hərəkətində yaranan gecikmələrin qarşısını almaqdır.

Məlumata görə, ərazidə ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı yaradılacaq. Bununla əlaqədar digər nəqliyyat vasitələrinin hərəkəti yeni müəyyən edilmiş istiqamətlər üzrə təşkil ediləcək.

AYNA qeyd edib ki, sürücülər Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edərkən təqdim olunan yeni trayektoriyalara uyğun davranmalıdırlar.

Qurum sürücülərə yol nişanlarına və müvəqqəti təşkil olunan hərəkət sxeminə diqqətlə riayət etməyi tövsiyə edib.