Kredit borcu olanlara ŞAD XƏBƏR  - Silinə bilər

Kredit borcu olanlara ŞAD XƏBƏR - Silinə bilər

İqtisadi çətinliklərin artması kredit ödənişləri ilə bağlı problemləri daha da aktuallaşdırıb. Bu fonda bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi yenidən diqqət mərkəzinə gəlib. Sözügedən sistem borcalanlara müəyyən müddət ərzində ödənişləri təxirə salaraq maliyyə vəziyyətlərini bərpa etmək imkanı yaradır.

Dünya praktikasında "kredit tətili" (credit holiday) borclunun maliyyə sıxıntıları ilə üzləşdiyi müvəqqəti dövrlərdə – istər işsizlik, istər makroiqtisadi böhranlar, istərsə də fors-major hallarda – bank öhdəliklərinin (həm əsas borc, həm də faizlərin) müəyyən aylıq müddətə dondurulmasını və ya təxirə salınmasını nəzərdə tutan hüquqi tənzimləmə mexanizmidir. Bu mexanizmdə ən mühüm detal odur ki, təxirəsalma dövründə vətəndaşa və ya sahibkara hər hansı cərimə, penya hesablanmır və ən əsası, onun mərkəzi reyestrdəki kredit tarixçəsi korlanmır. Azərbaycanda da əhalinin istehlak və biznes kreditləri üzrə borc yükünün artması fonunda bu humanitar və iqtisadi modelin tətbiqi məsələsi növbəti dəfə geniş müzakirələrə yol açıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan bank məsələləri üzrə tanınmış ekspert, Əli Cabbarov qeyd edib ki, kredit tətili mexanizminin mahiyyəti daxili bazarda bəzən yanlış başa düşülür və onun qanunvericilik bazası formalaşdırılmadan birtərəfli tətbiqi qeyri-mümkündür: "Kredit tətili borcun silinməsi və ya bankın vətəndaşa hədiyyəsi deyil, sadəcə ödəniş qrafikinin zaman baxımından irəli sürüşdürülməsidir. Bir çox xarici ölkələrdə, xüsusən də Avropa və qonşu Rusiya praktikasında kəskin iqtisadi dalğalanmalar zamanı dövlət qanunvericilik səviyyəsində banklara bu tətilin verilməsi öhdəliyini qoyur. Lakin Azərbaycanda mövcud bank qanunvericiliyində belə bir məcburi mexanizm yoxdur. Hazırda bizdə reallaşan proses yalnız fərdi qaydada restrukturizasiyadır, yəni bankın öz xoşu ilə müddəti uzadıb aylıq ödənişi azaltmasıdır. Bu isə kütləvi xarakter daşımır və əksər hallarda borcalanın problemini kökündən həll etmir".

Ekspertin sözlərinə görə, Azərbaycanda sistemli və rəsmi şəkildə kredit tətilinin elan olunması bank sektorunun mövcud resurs strukturu və likvidlik reallıqları ilə birbaşa ziddiyyət təşkil edir: "Bankların verdiyi kreditlər onların şəxsi pulları deyil, vətəndaşlardan topladıqları əmanətlər və depozitlərdir. Bank hər ay əmanətçiyə faiz ödəməlidir. Əgər dövlət banklara məcburi şəkildə 'kreditləri dondurun' əmri versə, bankın daxilolmaları kəsiləcək, lakin əmanətçilər qarşısındakı xərcləri qüvvədə qalacaq. Bu isə bank sektorunda zəncirvari iflaslara yol aça bilər. Azərbaycanda real kredit tətilinin tətbiq olunması üçün mütləq şəkildə Mərkəzi Bank və hökumət birgə proqram hazırlamalı, banklara requlyativ güzəştlər (tətil müddətində ehtiyat ayırmaları tələbinin yumşaldılması) verilməli və ya dövlət tərəfindən müəyyən kompensasiya mexanizmi tətbiq olunmalıdır. İndiki şəraitdə bankların öz maliyyə hesaba bu addımı atmasını gözləmək sadəlövhlük olardı, ona görə də problemin həlli sitatativ addımlardan deyil, tənzimləyici qurumun ortaya qoyacağı sistemli islahat paketindən asılıdır".

Tunar,
NOCOMMENT.az