Rumıniya Rusiya mənşəli pilotsuz uçuş aparatlarının (PUA) vurulması ilə bağlı insidentdən sonra məsləhətləşmələr üçün bu ölkədəki səfirini geri çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinə (XİN) istinadən ölkə mediası məlumat yayıb.
"Xarici işlər naziri Oana Tsoyunun sərəncamı ilə Rusiyanın Buxarestdəki səfiri bu gün XİN-ə çağırılıb. Bu çağırış 24-26 iyul 2026-cı il tarixləri arasında Rumıniyanın hava məkanının dəfələrlə pozulmasına qəti reaksiya olub. Bu zaman Rumıniya silahlı qüvvələri ölkə ərazisinə icazəsiz daxil olmuş üç PUA-nı vurub. Moskvanın Buxarestdəki diplomatik nümayəndəliyinin əməkdaşlarından biri Rumıniya ərazisində arzuolunmaz şəxs ("persona non grata") elan ediləcək, ölkənin Rusiyadakı səfiri isə məsləhətləşmələr üçün geri çağırılacaq", - Rumıniya XİN-dən bildirilib.
Rusiya səfirinə rəsmi olaraq verbal nota təqdim edilib. Notada Rumıniya tərəfi Rusiyanın Buxarestdəki diplomatik nümayəndəliyinin arzuolunmaz şəxs elan ediləcək əməkdaşının 5 gün ərzində ölkə ərazisini tərk etməsini tələb edib.
Qeyd olunub ki, görüş zamanı rusiyalı diplomata Rumıniya ərazisində məhv edilmiş dronun fraqmentləri – prokurorluğun apardığı istintaq zamanı Rusiya mənşəli olduğu rəsmən təsdiqlənmiş komponentlər təqdim edilib. Rumıniya tərəfi bildirib ki, bütün bu ciddi insidentlərə və təhlükəsizlik sahəsində regional vəziyyətin pisləşməsinə görə müstəsna məsuliyyət Rusiyanın üzərinə düşür.












