Ukraynanın Xəzər hövzəsində Rusiya və İran gəmilərini hədəfə alması, həmçinin illər əvvəl Ukrayna sərnişin təyyarəsinin vurulması kimi ağır faciələrin xatirəsinin yenidən aktuallaşması Cənubi Qafqazda və xüsusilə Azərbaycan ətrafında təhlükəsizlik mühitini kritik həddə çatdırıb. Şimalda və cənubda davam edən qanlı qarşıdurmaların tədricən Xəzər dənizinə və regional kommunikasiya xətlərinə sıçraması cəmiyyətdə haqlı olaraq narahatlıq yaradır ki, müharibə artıq sərhədlərimizə qədər dayanıb. Rusiya hərbçilərinin müharibənin ilk günlərindən bəri Xəzərdəki donanma imkanlarından Ukraynanı atəşə tutması fonunda Kiyevin cavab zərbələrinə keçməsi və İranın Rusiyaya hərbi dəstək verməsi səbəbindən hərbi yükləri daşıyan gəmilərin legitim hədəf elan edilməsi vəziyyəti daha da gərginləşdirir. Ölkəmizin şimalında və cənubunda baş verən bu təhlükəli proseslər fonunda Azərbaycanın özünü necə sığortalayacağı, bu addımların bilərəkdən atılıb-atılmadığı və ölkəmizin hər hansı şəkildə bu münaqişəyə sürüklənmək istənilib-istənilmədiyini sual altındadır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Xəzər dənizinin gərginlik poliqonuna çevrilməsi təsadüfi deyil və regiondakı bu təhlükəli tendensiyalar Azərbaycanın balanslı xarici siyasətini hər zamankından daha həyati əhəmiyyətli edir: "Rusiya Ukraynaya qarşı təcavüzə başlayanda Xəzər regionunun da bu müharibənin təsir dairəsinə düşəcəyi qaçılmaz idi, çünki Moskva bu dənizdən hərbi gəmilər vasitəsilə raket zərbələri endirirdi. Ukraynanın özünümüdafiə hüququ çərçivəsində Rusiyanın təchizat zəncirlərini, o cümlədən İranın hərbi yüklərini daşıyan gəmilərini hədəfə alması müharibənin coğrafiyasının genişləndiyini açıq göstərir. Lakin Azərbaycan hər zaman tərəflərlə bərabərməsafəli, neytral və müdrikləşmiş dialoq xətti yürüdərək ölkəmizi bu regional qazan qarşısında qorumağı bacarıb. Bəzi kənar qüvvələrin Azərbaycanı bu proseslərə cəlb etmək və ya ölkəmizin ərazisini bu oyunlarda alətə çevirmək cəhdləri olsa da, rəsmi Bakının qətiyyətli və təmkinli mövqeyi bu təxribatların qarşısını alır".
Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının gücü məhz bu cür qlobal böhranlar zamanı ölkəni hərbi qarşıdurmalardan kənarda saxlamaq bacarığındadır: "Ötən dövrdə Ukraynadakı diplomatik nümayəndəliklərimizin və iqtisadi obyektlərimizin zərər görməsi belə Azərbaycanın emosional deyil, hüquqi və diplomatik müstəvidə cavab verməsini şərtləndirdi. İran gəmisinin vurulması və Tehranın sərt bəyanatları bölgədəki riskləri artırsa da, Azərbaycan özünün milli maraqlarına əsaslanan çevik strategiyası ilə bu qırmızı xətləri uğurla qoruyur. İnanıram ki, dövlətimiz təmkinli xarici siyasətini davam etdirərək Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı olaraq qalacaq və ölkəmizi bu arzuolunmaz regional gərginliklərin mərkəzinə çevirmək istəyənlərin planları suya düşəcək".
Tunar,











