Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, ehtiyatda olan mayor Ruhin Tağıyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilir.
NOCOMMENT.az-ın məlumatına görə, işə Bakı Hərbi Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Ruhin Tağıyevin adı daha əvvəl Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, ehtiyatda olan polkovnik Oktay Babayevin cinayət işində zərərçəkmiş şəxs qismində hallanıb. İttihama əsasən, Oktay Babayev Ruhin Tağıyevdən onun sərəncama göndərilməsinin qarşısını alacağına dair vəd verərək 30 min manat pul alıb.
Hazırda Ruhin Tağıyevin özünün də cinayət işi üzrə məhkəmə araşdırması aparılır. İş üzrə ittihamların detalları və prosesin gedişi məhkəmə baxışında aydınlaşacaq.
Qeyd edək ki, Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda qeyd olunub ki, oxşar xarakterli əməllərin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb. (Bakıvaxtı.az)












