Anomal istilər Azərbaycana gəlir — XƏBƏRDARLIQ edildi

Anomal istilər Azərbaycana gəlir — XƏBƏRDARLIQ edildi

Fransa tarixinin ən isti gününü yaşayır. “Meteo-France” agentliyinin yaydığı məlumata görə, gün ərzində ölkə üzrə orta temperaturun 29,8 dərəcəyə çatması ilə Fransa tarixində iqlim müşahidələri dövrünün ən yüksək temperatur rekordu qeydə alınıb. Bir çox vilayətdə xəbərdarlıq səviyyəsinin narıncı və qırmızıya yüksəldiyi, anomal istilərin iyunun 25-dək davam edəcəyi bildirilir.

Fransanın Milli Təhsil Naziri Eduard Geffray qeyd edib ki, ölkədə həddindən artıq istilər səbəbindən təxminən 1800 məktəbdə dərslər dayandırılıb, 8000 məktəb isə iş saatlarını tənzimləyib. Parisin simvolu olan Eyfel qülləsi də anomal hava şəraiti səbəbindən yerli vaxtla saat 16:00-da ziyarətçilərin üzünə erkən bağlanıb. Avropadakı bu qorxulu iqlim dalğası "Eyni isti hava kütlələri Azərbaycana da gələ bilərmi və bizi hansı təhlükələr gözləyir?" sualını aktuallaşdırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən iqlimşünas alim Cavid Qadirzadə bildirib ki, Avropada qeydə alınan bu ekstremal hava şəraiti qlobal iqlim dəyişikliyinin birbaşa nəticəsidir və Azərbaycan bu proseslərdən sığortalanmayıb.

O, bildirib ki, planetdə baş verən atmosfer sirkulyasiyası zəncirvari xarakter daşıyır: "Fransada orta temperaturun bütöv bir ölkə miqyasında təxminən 30 dərəcəyə çatması o deməkdir ki, ayrı-ayrı şəhərlərdə və cənub bölgələrində termometrlər 43-45 dərəcəni göstərir. Bu, sadəcə yerli bir hadisə deyil, qlobal atmosfer cərəyanlarının pozulmasının göstəricisidir. Avropanı bürüyən bu isti hava kütlələri birbaşa eyni xətt üzrə bizim regiona hərəkət etməsə də, analoji termik depressiya ocaqlarının çox qısa zamanda Xəzər-Hovuz hövzəsində və Yaxın Şərqdə formalaşmasına təkan verir. Bu yay Azərbaycanda da temperaturun normadan bir neçə dərəcə yüksək olacağı, daxili rayonlarda havanın 42-44 dərəcəyə qədər qızacağı gözlənilir. Yəni, Avropadakı anomal dalğa bizim regionda oxşar isti hava cəbhələrinin yaranmasını sürətləndirir".

Onun sözlərinə görə, bu cür kəskin istilər ölkə üçün ciddi ekoloji, sosial və infrastruktur riskləri yaradır: "Həddindən artıq isti hava şəraiti ilk növbədə yüksək təzyiq, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar və yaşlılar üçün birbaşa həyati təhlükədir. Avropada məktəblərin bağlanması və tarixi abidələrin erkən fəaliyyətini dayandırması preventiv təhlükəsizlik tədbiridir. Azərbaycana bu cür iqlim dalğaları daxil olduqda, xüsusilə günorta saatlarında tikinti, kənd təsərrüfatı və açıq havada aparılan digər işlərin tamamilə məhdudlaşdırılması mütləqdir. Bundan başqa, anomal istilər kənd təsərrüfatında buxarlanmanı artıraraq su qıtlığını kəskinləşdirir və meşə sahələrində yanğın riskini maksimum dərəcəyə qaldırır. Biz artıq yeni iqlim reallığına uyğunlaşmalı, infrastrukturumuzu və enerji şəbəkələrimizi bu cür ekstremal yüklənmələrə qarşı hazırlamalıyıq".

Tunar,

NOCOMMENT.az