Cahangir Əsgərovun "Premium Bank"dan qazancı məlum oldu

Cahangir Əsgərovun "Premium Bank"dan qazancı məlum oldu

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərovun "Premium Bank"dan qazancı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun əsas səhmdarı olduğu “Premium Bank” ASC 2025-ci il üzrə səhmdarlarına 10 milyon 35 min manat dividend elan edib.

Bu isə, ötən il ödənilmiş dividend məbləği ilə müqayisədə bu göstərici 42,2% və ya 2 milyon 979 min manat çoxdur.

Belə ki, 2024-cü il üzrə səhmdarlara 7 milyon 56 min manat dividend ödənilmişdi.

17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdarı Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb. Zərifə Həmzəyeva bankda 84,5 % paya malik olub. Bundan sonra Cahangir Əsgərov bankdakı payını bir qədər də artırıb və 86,25%-ə çatdırıb.

Son nəticədə ötən il üzrə bölüşdürülən dividendin 8 milyon 655 min manatı Cahangir Əsgərova çatıb. Bu isə o deməkdir ki, sabiq AZAL prezidentinin bankdan əldə etdiyi illik gəliri 2 milyon 693 min manat və ya 45,2% artıb.

Cahangir Hacıyevin bankdakı payının artımı “VIP Aviation Services” MMC-nin payının 15,22%-dən 13,47%-ə və Elvira Əhmədovanın payının 0,31%-dən 0,28%-ə enməsi hesabına olub. Bu isə dividend həcmində artım olsa da pay nisbətinə uyğun olaraq digər səhmdarların dividendlərinə təsir edib.

Ötən il üzrə “VIP Aviation Services” MMC-nin dividend gəliri təxminən 1 milyon 352 min manat təşkil edib. Bu göstərici əvvəlki ildəki 1 milyon 73 min manatla müqayisədə 279 min manat və ya 26% çoxdur.

Bankın kiçik səhmdarı Elvira Əhmədovaya isə, təxminən 28 min manat dividend ödənilib. (Plat.az)